İyunun 12-dən 15-nə qədər Masallıda mərhum dövlət başçısı Heydər Əliyevin xatirəsinə həsr olunmuş ikinci beynəlxalq folklor festivalı keçiriləcək. Bu barədə Modern.az-a Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı məlumat verib. Onun sözlərinə görə, festivalda 10 ölkə iştirak edəcək:
“Ötən il 5 ölkənin iştirakı ilə çox gözəl festivalımız oldu. Bu tədbirdən sonra Latviya və Qazaxıstanın səfirləri ölkələrinin də bu festivala qatılması üçün müraciət etdilər. Builki festivala 10 ölkədən - Azərbaycan, Belarus, Dağıstan, Gürcüstan, İran, Qazaxıstan, Latviya, Ukrayna, Rusiya, Türkiyə - 16 qrup, 220 qonaq təşrif buyuracaq. Artıq təşkilati məsələlərlə bağlı hazırlıq işləri yekunlaşıb”.
N.Muxtarlı bildirib ki, daha bir neçə ölkə gec müraciət etdiyinə görə festivalda iştirak edə bilməyəcək:
“Məsələn, Koreya da bizə müraciət eləmişdi. Gələcəkdə Türkdilli ölkələrin folklor festivalının da Masallıda keçirilməsi üçün planlarımız var”.
İntiqam VALEHOĞLU