Türkiyədə son 6 gündür baş verən etiraz aksiyaları bütün dünyada geniş əks-səda doğurub. İstanbulun Taksim meydanındakı Gəzinti Parkında aparılacaq tikinti işlərinin qarşısını almaq üçün başlanan aksiya getdikcə daha da genişlənir və ilk məqsədindən başqa istiqamətə yönləndirilir. İndi aksiyalarda hakim AKP-nin və baş nazir R.T.Ərdoğanın istefası tələb edilir.
Azərbaycanın Türkiyə səfirliyindən Modern.az-a verilən rəsmi açıqlamada bildirilib ki, askiyada yaralanan və həbs edilənlər arasında azərbaycanlılar yoxdur. Amma akiyalarda iştirak edənlər arasında azərbaycanlılar var. Bunu Modern.az-a müsahibə verən, Türkiyədə İstanbul Universitetində təhsil alan tələbə Cavidan Ağayev də təsdiq edib.
- Deyirsiniz aksiyalar iştirak edənlər arasında azərbaycanlılar var. Bəs yaralılar və həbs edilənlər içərəsində necə?
- Ankaradakı aksiyalarda mən də iştirak edirəm. Ümumiyyətlə, Ankara, İstanbul və İzmirdə çox azərbaycanlı aksiyaya qoşulub. Ankarada hardasa 10-15 nəfərik, yəni tələbələri nəzərdə tuturam. Məndən başqa Mahmud Mübariz (ODTÜ), Əhməd Rəcəbli (Hacettepe), Bəhram Əhmədli (Ankara), Vüsal Quluzadə, Mübariz Kərimli, Özal İsrafil adlı tələbələr də aksiyalarda iştirakçıyıq. Mənim qeydiyyatım İstanbul Universitetinə olsa da, özüm Ankarada yaşayıram. İstanbulda azərbaycanlı jurnalist Abbas Atilayın qolunun zədələndiyini bilirəm. Başqa azərbaycanlılardan həbs edilən və yaxud yaralanan yoxdur.
- Aksiyalara niyə qoşulmusunuz? Qoşulmaqda məqsədiniz nədir?
- Digərlərini bilmirəm, amma mənim qoşulma məqsədim xalqa dəstək olmaq idi. Biz də Türkiyədə yaşayırıq və türklər kimi azad yaşamağa haqqımız var, 10 il bir kresloda oturan birinə qarşı aksiyaya çıxmaq üçün çox səbəb tapmaq olar.
- Ümumiyyətlə bu aksiyaları bir gənc olaraq necə qiymətləndirirsən?
- Aksiya Ankarada İstanbuldan sonra başladı. İlk günlərdən qoşuldum. Etirazlar hələ davam edəcək. Polis xalqa qarşı qaz bombaları və təzyiqli su şırnağı kimi ənənəvi metodlardan başqa səs bombasından da istifadə edir. Aksiyanın məqsədi Ərdoğanın istefasıdır. Mənim kimi anarxistlərin də, ülküçülərin də, kommunistlərin də, hətta dindarların da məqsədi onun istefasını tələb etməkdir.
- Axı aksiya tamam başqa məqsədlə başlamışdı, niyə birdən-birə bu istiqamətə yönəldi? İndi qeyd olunur ki, burada xarici qüvvələrin də müdaxiləsi var. Yəni bu etiraz sadə türk vətəndaşının etirazıdır, ya siyasi manevr?
- Park qığılcım oldu, bu son damla idi. Xarici qüvvələr bilmirəm kimlərdir, amma qaz bombasından gözü yaşaranlara dəstək olanlar Rusiya və Amerikadan olan insanlar deyildi, türk xalqı idi. Sadə vətəndaşlardı. Və indi bu dəqiqələrdə aksiyalar davam edir.
- Sizə zərər dəyməyib?
- Heç bir yara, zədə yoxdur. Müvəqqəti göz ağrısı və nəfəs çatışmazlığı var ki, o da aksiyadan sonra keçib gedir.
Aytən ƏLİYEVA