Demokratik qüvvələrin Milli Şurası ötən həftə - 28 may tarixində elan olunsa da, onun siyahısı və bəyannaməsi hələ ictimaiyyətə təqim olunmayıb. “El” rəsmiləri Milli Şuranın 100 nəfərlik siyahısının bu həftə açıqlanacağını bildirsələr də, məlumatlara görə təmsilçilərlə razılıq məsələsində problemlər tam həll olunmayıb.
“El” hərəkatının Ali Məclis sədri, Milli Şura ideyasının təşəbbüskarlarından olan Eldəniz Quliyev Modern.az-a açıqlamasında qurumun bəyannaməsinin və tərkibinin indiyədək elan olunmamasının səbəblərini izah edib. E.Quliyev bu məsələdə texniki problemlərin olduğunu bildirib: “Mən düşünürəm ki, lap yaxın zamanlarda konkretlik olacaq. Mənim əldə etdiyim məlumata görə, bu barədə konsensus əldə olunub. Texniki məsələlər qalıb. Siyahının nə zaman açıqlanacağına gəlincə, vaxtı deməyə çətinlik çəkirəm. Çox istərdik ki, bu həftə ərzində açıqlansın. Ciddi problemlər yoxdur”-deyə E.Quliyev məsələyə aydınlıq gətirib.Qeyd edək ki, ideya müəllifi kinodramaturq Rüstəm İbrahimbəyova məxsus olan Milli Şurası ətrafında cərəyan edən hadisələr hazırda gündəmin əsas mövzularından biridir.
Anar RÜSTƏMOV