Modern.az

Valideyn iclaslarına atalar niyə GETMİR...

Valideyn iclaslarına atalar niyə GETMİR...

25 Fevral 2023, 13:00

Əvvəllər məktəblərdə keçirilən ənənəvi valideyn iclaslarında əsasən kişilər iştirak edər, övladlarının təhsili ilə yaxından maraqlanardılar. İldə bir neçə dəfə keçirilən toplantılarda şagirdlərin hazırlığı, onların təlim-tərbiyəsi, mənfi və müsbət məqamlar müzakirə olunar, faydalı fikir mübadiləsi aparılardı. Son illər bu tendensiya tamamilə dəyişib. Artıq valideyn iclaslarına atalar yox, daha çox analar təşrif buyurur. 

 

Maraqlıdır, buna səbəb nədir? Niyə atalar əvvəlki kimi iclaslara gedib, övladlarının təhsili ilə maraqlanmırlar?

 

Mövzu ilə bağlı Modern.az-a  danışan Mili Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov ortada obyektiv səbəblərin olduğunu bildirib. Onun fikrincə, əsas məsələ iclaslarda valideynlərdən birinin iştirak etməsidir. 

 

 

"Bu iclaslarda valideynlər övladları və onların tərbiyəsi barədə məlumatları əldə edir. Bu gün ataların başı öz işlərinə qarışb. Onların işdən çıxmasında müəyyən çətinliklər var. Anaların bəziləri işləmir. Buna görə də onların vaxtı daha çox olur. Məhz bu səbəbdən iclaslarda belə hallara rast gəlirik. Cəmiyyətdə uşaqların tərbiyəsi ilə daha çox analar məşğul olmalıdır deyə fikir formalaşıb. Yəni burada obyektiv səbəblərin rolu var. Ümumilikdə hesab edirəm ki, həm analar, həm atalar, fərqi yoxdur, hər ikisi övladlarının tərbiyəsinə, inkişafına birgə töhfə verməlidirlər. İşlərinin çoxluğundan asılı olmayaraq, onlar övladlarının valideyn iclasına qatılmalıdırlar", - deputat vurğulayıb.

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bununla bağlı sorğu keçirdiklərini bildirib:

 

“Təlim-tərbiyə prosesində anaların daha çox iştirak etməsi ilə bağlı fikirlərlə razıyam. Bir maraqlı faktı qeyd etmək istərdim. Biz 13 mindən çox valideyn arasında sorğu keçirmişdik. Sorğunu cavablandıranların əksəriyyəti analar olmuşdu. Bu da onun göstəricisidir ki, məktəblə anaların münasibəti daha sıxdır. Əlbəttə, biz bu prosesdə ataların da mütləq iştirakını tövsiyə edirik".

 

 

Günel Səfərova valideyn iclasları ilə bağlı bəzi maraqlı məqamları diqqətə çatdırıb:

 

“Bakını nümunə göstərə bilərik. Şəhərin mərkəzində atalar demək olar ki, iclaslara qatılmırlar. Buna səbəb kimi onların işdə olması göstərilir. Doğrudur, valideyn iclasları əsasən 6-cı günlər olur. Ancaq bəzi müəssisələrdə 6-cı gün iş olur. Buna baxmayaraq, düşünürəm ki, heç olmasa ildə 2-3 dəfə uşağın təhsilinə vaxt ayırmaq lazımdır. Bakı kəndlərində və bəzi rayonlarda isə vəziyyət tamamilə fərqlidir. Orada valideyn iclasına kişilərin gəldiyini görürük. Çünki həmin şəxslər həyat yoldaşlarına iclasa gəlməyə icazə vermirlər. Hətta onların bəzilərinin telefondan istifadə etməyə icazəsi yoxdur. Düzdür, yaxşı nümunələr də var. Bəzi məktəblər var ki, orada həm anaların, həm də ataların iclaslarda iştirakı təmin olunur. Bəzi müəllimlər xüsusilə qeyd edirlər ki, iclasa yanlız atalar gəlsin. Bu baxımdan mən düşünürəm ki, vəziyyət getdikcə dəyişmək üzrədir. Onu da diqqətə çatdırım ki, biz iclaslarda hər iki valideynin iştirakı ilə bağlı pilot layihələrə başlamışıq”.

 

Aytac Əsədova

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi