Modern.az

Statistika Komitəsi milyon yarım seçicinin hara yoxa çıxdığına aydınlıq GƏTİRDİ

Statistika Komitəsi milyon yarım seçicinin hara yoxa çıxdığına aydınlıq GƏTİRDİ

5 İyun 2013, 09:49

Komitə ilə MSK-nın məlumatları arasında fərqlər yaranır

Dövlət Statistika Komitəsi Ümid Partiyasının MSK-da olan rəsmi nümayəndəsi Akif Qurbanovun ittihamlarına cavab verib.

Xatırladaq ki, Akif Qurbanov MSK-nın seçici siyahısı ilə Dövlət Statistika Komitəsinin açıqladığı əhali sayı arasında kəskin fərq olduğunu bildirib. O, hər iki qurumun rəqəmləri arasında 1 milyon yarım fərq yarandığını və hesablamaların ya MSK tərəfindən, ya da Dövlət Statistika Komitəsi tərəfindən düzgün aparılmadığını deyib.    

Statistika Komitəsindən Mərkəzi Seçki Komissiyasının məlumatları ilə onların məlumatları arasında fərq yarandığını təsdiqləyiblər.

Dövlət Statistika Komitəsindən Modern.az saytına verilən məlumata görə, əhalinin siyahıyaalınması zamanı hər il bir ərazidə doğulanların, ölənlərin, həmin əraziyə gələnlərin, köçənlərin sayı da hesablanır. Belə ki, Azərbaycan Respublikası üzrə 2013-cü il yanvarın 1-i vəziyyətinə əhalinin sayı 9 356 483 nəfər təşkil edib.

Komitədən onu da bildiriblər ki, əhalinin sayının cari hesablanması əhalinin son siyahıyaalmasının (2009) yekunları əsasında aparılır.

“Hər il bir ərazidə doğulanların və daimi yaşamaq üçün həmin əraziyə gələnlərin sayı əhalinin sayına əlavə edilir, ölənlərin və bu ərazidən köçənlərin sayı isə əhalinin sayından çıxılır. Növbəti siyahıyaalmanın yekunlarına əsasən əvvəlki siyahıyaalmadan sonrakı dövrdə əhalinin sayı və tərkibi üzrə müvafiq dəqiqləşmələr aparılır. Əhalinin sayının cari hesablanması bir çox dünya ölkələrində olduğu kimi, Azərbaycanda da daimi əhali üzrə aparılır və daimi əhalinin tərkibinə müvəqqəti qaiblər (işləmək üçün (onların bir çoxu ailələri ilə birlikdə) xarici ölkələrə gedənlər) də daxildir. Bundan başqa, əhalinin siyahıyaalınması zamanı aparılmış ekspert hesablamalar nəticəsində Dağlıq Qarabağda yaşayan 120 min erməni əsilli Azərbaycan vətəndaşı da daimi əhalinin tərkibinə daxil edilib”, – deyə Komitədən bildiriblər.

Komitədən onu da qeyd ediblər ki, məhz bu obyektiv səbəblərdən Dövlət Statistika Komitəsi ilə Mərkəzi Seçki Komissiyasının məlumatları arasında fərqlər yaranır. Ümumiyyətlə, əhalinin siyahıyaalınması və seçici siyahılarının tərtibi müxtəlif məqsədlər daşıyır.

Dövlət Statistika Komitəsinin məlumatlarında əhalinin sayı 9 mlyon 356 min 500 nəfərdir ki, bunun da 6 milyon 467 min 500 nəfəri 20 yaş və ondan yuxarı əhalini təşkil edir.

MSK-nın açıqlamasında isə bildirilir ki, Azərbaycanda seçkidə iştirak etmək hüququ olan potensial seçicilərin sayı 4 milyon 986 min 296 nəfərdir. A. Qurbanovun fikrincə, İki rəsmi dövlət qurumunun açıqlamasındakı ziddiyyətlər təxminən bir milyon yarımdan artıq seçici fərqi yaranır ki, bu da seçkinin taleyinin həll olunmasında çox böyük rol oynaya bilər. 

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama