Modern.az

İrandakı seçkiyə EKSPERT RƏYİ: “Prezidentliyə əsas namizədlər Xamneyinin müşavirlərdir”

İrandakı seçkiyə EKSPERT RƏYİ: “Prezidentliyə əsas namizədlər Xamneyinin müşavirlərdir”

5 İyun 2013, 10:27

“Əli Əkbər Vilayəti, Həsən Ruhani yaxud Səid Cəlilini necə rəqib hesab etmək olar?!”

Regionun əsas siyasi gündəmindən biri də İranda iyunun 14-də keçiriləcək prezident seçkisidir. Cənub qonşumuzda prezident seçkilərinə 8 nəfərin namizədliyi təsdiq edilib. Qulam Əli Həddad Adil, Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Rza Arif, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qarazi və Əli Əkbər Vilayəti seçkidə öz şanslarını sınayacaqlar. İran bölgənin aparıcı dövləti olduğundan bu ölkədəki seçkilər də az əhəmiyyət kəsb etmir. Bəs görəsən prezident seçkiləri bölgə və İran üçün nələri vəd edir? Bu barədə Modern.az-ın suallarını İran üzrə ekspert Sədrəddin Soltan cavablandırıb.   

Namizədlərdən kim şanslıdır?   

Ekspert hesab edir ki, İran bölgənin əsas oyunçularından biri olduğuna görə, bu ölkədə baş verən ictimai-siyasi hadisə önəmlidir. “Ancaq İranda prezidentlik institutunun ölkənin siyasi həyatına elə də təsir yoxdur. Bu seçkilər yalnız İranı dünyaya demokratik dövlət kimi göstərmək cəhdindən başqa bir şey deyil”. Fikirlərini əsaslandıran Sədrəddin Soltan bildirib ki, İranda seçkidə iştirak edəcək namizədlər seçilmiş şəxslərdir. “Həmin namizədlərin  demək olar ki, əksəriyyəti İnqilab Keşikçiləri Qvardiyasına bu və ya digər şəkildə bağlı insanlardır. İranın ticarətindən də tutmuş atom nüvə proqramına qədər nəzarəti İnqilab Keşikçiləri Qvardiyası həyata keçirir. Həmin namizədlərin seçki platforması ilə  ölkə əhalisinin istəkləri üst-üstə düşərsə, o şəxsi daha şanslı hesab etmək olar. Təəssüf ki, namizədlərin əksəriyyətinin platformasında xırda sosial tələblər və iqtisadi məsələlər öz əksini tapır. Bu baxımdan 8 nəfərdən kimin şanslı olduğunu demək çətindir”.   

Xamneyinin adamları   

İranşünas sözünün davamı olaraq əlavə edib ki, bu cür qənaətə gəlməyə kifayət qədər əsas var. “Çünki bu şəxslərin demək olar ki,  hamısı ölkənin ali dini lideri Ayətullah Xamneyiyə yaxın adamlardır. Yalnız Xomneyinin xeyir-duası ilə namizədliklərini irəli sürüb və siyasi şouya qatılıblar”. Ekspertin fikrincə siyasi rəqabət baxımından da namizədləri bir-birinə rəqib saymaq olmaz. “Əli Əkbər Vilayəti, Həsən Ruhani yaxud Səid Cəlilini necə rəqib hesab etmək olar?! Əli Əkbər Vilayəti, Səid Cəlili ikisi də Ayətullah Xomneyinin müxtəlif qurumlarda müşaviri vəzifəsində çalışırlar”-deyə vurğulayıb.    

Prezidentliyə namizədlərə xəbərdarlıq: “Hər oxuyan molla olmaz”  

“ İranın fundamental məsələlərlə bağlı işlərə prezidentin gücü çatmaz. İranda aparıcı dəyişiklik eləməyə qadir olan güc bu dövlətin ali rəhbəridir. Prezidentlik isə sadəcə icra strukturudur.  O rəhbərlik institutuna daxil olan qurumların tapşırıqlarını, qərarlarını,  icra edir. Ölkədəki parlamentin qəbul etdiyi qanun ali rəhbərin yanındakı institutun təsdiqindən sonra qüvvəyə minirsə, burada prezidentin hansı səlahiyyətindən danışmaq olar?! Düzdür İranın Konstitusiyasına görə prezident ikinci şəxs hesab olunur, amma reallıqda elə də əhəmiyyətli rol oynamır. İranın Ana Yasasında islahat aparmaq lazımdır”. Ekspert onu da əlavə edib ki, İran siyasi ideologiyanın rəhbər olduğu bir dövlətdir. “Bunun da başında ali dini rəhbər Ayətullah Xomneyi dayanır. Guya bundan öncə Məhəmməd Hatəmi və Mahmud Əhmədinejat hansısa məsələlərdə islahat apara bildi?!   

“Dəyişiklik olmayacaq”    

Yeni keçiriləcək prezident seçkisinin Azərbaycanla münasibətlərdə dəyişiklik yarada biləcəyi  perspektivini mütəxəssis belə şərh edib: “Azərbaycan və bölgədəki ölkələrə münasibətdə prezident seçkilərinin nəticələri heç bir təsir göstərməyəcək. Azərbaycan Respublikasına münasibətdə nə dəyişəcək?! Deyirlər ki, Səid Cəlilinin anası Azərbaycan türküdür. Guya Ayətullah Xomneyi özü türk olaraq hansı haqlarımızı tanıyıb?! Digər tərəfdən Azərbaycana münasibətdə Ayətullah Xomneyinin mövqeyi dəyişib?! Dünyanın bir çox ölkəsinə, o cümlədən Azərbaycana  islam inqilabı doktrinasını ixrac etməklə məşğul olan İran bundan sonra da bu siyasətini davam etdirəcək. Bununla yanaşı müxtəlif terrorçu qruplarla əlaqələrini də inkişaf etdirəcəklər. Atom nüvə proqramı ilə bağlı məsələdə İranın mövqeyi də bəllidir. Ola bilər ki, bütövlükdə rejimin bölgə və dünyada gedən proseslərlə bağlı müəyyən yumşalma, geri çəkilmə və razılaşma əldə olsun. Bunun da prezidentlik institutuna heç bir dəxli yoxdur”-deyə qeyd edib.   

Aqşin KƏRİMOV

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama