2013-cü ilin 5-6 iyun tarixində Azərbaycanlı Tələbələrin İnkişaf Koalisiyası (CASE) təşkilatı və Biz İnkişaf Zamanındayıq (BİZ) İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın 9 bölgəsindən olan məktəblilər və amerikalı sülh korpusunun könüllüləri arasında “Sülh kuboku” adlı Azərbaycan və ingilis dillərində intellektual oyun keçiriləcək.
Bu barədə Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Sosial layihə Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi, “ALTRO” agentliyinin kreativ və “Nar Mobile” şirkətinin təşkilati dəstəyi ilə həyata keçiriləcək. Layihənin əsas məqsədi Azərbaycan haqqında məlumatların ingilis dilində intellektual oyun şəklində məktəblilərə çatdırılması, amerikalı sülh korpusu könüllülərinin Azərbaycan mədəniyyəti ilə yaxından tanış olması, bölgələrdə yaşayan məktəblilərin vaxtlarının səmərəli və əyləncəli keçirilməsi və ABŞ təhsilli tələbələrlə məktəblilər arasında güclü şəbəkənin yaradılmasıdır. Həyata keçiriləcək layihədə Sumqayıt, Şabran, Şəki, Tovuz, Mingəçevir, Yevlax, Ağcabədi, Lənkəran və Siyəzəndən 36 nəfər 9-cu və 11-ci sinif şagirdləri, həmçinin onlarla birgə fəaliyyət göstərən və müxtəlif sosial və ekoloji layihələr keçirən sülh korpusun 9 amerikalı könüllüləri də iştirak edəcəklər.
Bilik yarışmasında bütün suallar Azərbaycan və Amerika Birləşmiş Ştatlarının mədəniyyəti, tarixi, coğrafiyası və münasibətlərini özündə əks etdirəcək. Yarışma iki əsas dildə - Azərbaycan və İngilis dillərində aparılacaq.
Modern.az