“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Təhsildə fərqləndiklərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 42 tələbəsinə Təqaüd Proqramı çərçivəsində 100, 85 və 70 manat məbləğində təqaüd verəcək.
Modern.az-ın məlumatına görə, bu fikir bu gün “Azərsu” ASC AzMİU ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində universitetin müəllim və tələbələrilə keçirilən görüşdə açıqlanıb.Tədbirdə nitq söyləyən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov təhsil və təcrübə sahəsində qarşılıqlı əməkdaşlığın uğurlu nəticələr verəcəyini bildirib. O, Azərbaycanın təhsil sistemində xüsusi yeri olan Memarlıq və İnşaat Universitetinin inşaat mühəndisliyi üzrə kadrların hazırlanmasında böyük təcrübəsi olduğunu da xatırladıb. Sədr bildirib ki, ölkə əhalisinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması üçün yüksək ixtisaslı kadrlara ehtiyac var. O bu məqsədlə AzMİU-nun imkanlarından niyyətində olduqlarını vurğulayıb: “Tikinti işlərinin beynəlxalq standartlara uyğun və keyfiyyətlə aparılması, burada quraşdırılan avadanlıqların normal istismar edilməsi üçün yüksək ixtisaslı və peşəkar kadrlara ehtiyac böyükdür. Biz yüksək ixtisaslı kadrların hazırlanmasında Memarlıq və İnşaat Universitetin imkanlarından maksimum istifadə etmək niyyətindəyik. Təhsildə fərqləndiklərinə görə universitetin 42 tələbəsinə Təqaüd Proqramı çərçivəsində 100, 85 və 70 manat məbləğində təqaüd veriləcək. “Yay məktəbi” çərçivəsində tələbələr mülki müqavilə əsasında işə cəlb olunacaq. İstehsalat təcrübəsi keçmək üçün universitetin 2-ci və 3-cü kurs tələbələri “Azərsu” ASC-nin müəssisə və qurğularına göndəriləcəklər”.
AzMİU-nun prorektoru Arif Şərifov da öz növbəsində “Azərsu” ASC-nin çoxşaxəli fəaliyyətindən danışıb. O, eyni zamanda bu sahədə təcrübəli mühəndislərə böyük ehtiyac olduğunu da xatırladaraq universitetin mühəndis kadrların hazırlanmasında böyük təcrübəsi olduğunu deyib: “Təbii ki, nəzəri bilikləri təkmilləşdirmək üçün təcrübə keçmək, istehsalat sahələrində olmaq vacibdir. İstehsalatla sıx əlaqəqənin yaradılması və təcrübə mübadiləsinin aparılması baxımından “Azərsu” ASC ilə əməkdaşlıq universitetimiz üçün faydalı olacaq”.
Qeyd edək ki, 19 dekabr 2012-ci il tarixində “Azərsu” ASC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) arasında “Təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair” müqavilə imzalanıb. Müqavilə “Azərsu” ASC-nin müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini nəzərdə tutur.
Modern.az