AXCP müxalifət qüvvələrinin təmsil olunduğu Milli Şuranın prezident seçkilərində vahid namizədlə təmsil olunmasınınn tərəfdarıdır. Modern.az-ın məlumatına görə, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib.
Partiya rəsmisinin sözlərinə görə, Əli Kərimli müxalifətin vahid namizədi ola bilər. F.Qəhrəmanlı həmçinin bu istiqamətdə mövqeyinin Ə.Kərimlidən fərqləndiyini bildirib.
“Demokratik qüvvələrin birik ideyasının meydana çıxması uğrunda Əli Kərimli və AXCP ardıcıl fəaliyyət göstərib. Bu gün təkcə müxalifətin birliyi deyil, vahid namizəd ideyasını da AXCP gündəmə gətirir. Bu baxımdan Milli Şuranın yaradılması böyük bir uğurdur. Qarşıda duran vəzifələrdən biri də vahid namizəd məsələsini həll etmək olacaq. Bu məsələdə mənim mövqeyim Əli bəyin ifadə etdiyi mövqedən bir qədər fərqlidir. Hesab edirəm ki, vahid namizədin müəyyənləşdirilməsi güclü siyasi liderin güzəştə getməsi hesabına olmamalıdır. Yəni Əli Kərimli bu gün keçirilən bütün rəy sorğularında cəmiyyətin rəğbət bəslədiyi müxalifətin əsas lideri kimi qəbul olunmaqdadır. Demokratik prosesin lideri statusu de-fakto Əli Kərimliyə məxsusdur. Müxalifətin qələbəsi təkcə birliyin olmasından asılı deyil. Qələbə eyni zamanda uğurlu şəxsin vahid namizəd seçilməsindən də asılıdır”-deyə AXCP funksioneri qeyd edib.
F.Qəhrəmanlı hesab edir ki, Əli Kərimlinin geri çəkilməsi onların ümumi maraqlarına zərbə vura bilər.
“Ona görə biz prosesə uğurlu namizədlə qatılmalıyıq. Bu baxımdan Əli Kərimli ən real və prosesin yükünü çəkə biləcək namizəddir. Əli bəy ümumi maraqlar naminə güzəşt mövqeyindən çıxış edir. Amma məntiq ondan ibarətdir ki, ümumi maraqlar elə Əli Kərimlinin namizəd olmasını tələb edir. Biz cəmiyyət, demokratik qüvvələr olaraq həm də onun məsuliyyətini dərk etməliyik ki, güzəştə getməli adam Əli Kərimli deyil. Biz gələcəyi düşünərək, əksinə, Əli Kərimlidən tələb etməliyik ki, prosesin ağırlığını üzərinə götürsün. Bu, müxalifətin də, sıravi vətəndaşın da maraqlarına uyğundur. Əli bəyin geri çəkilməsi ümumi maraqlarımıza zərbə vura bilər”.
Anar RÜSTƏMOV