MKM-in qalibləri nəhayət, müəyyən olundu. Xatırlama üçün, müsabiqədə ilk yerə artıq haqq dünyasına qovuşmuş Zakir Sadatlı (“Əfqanıstan uşruçu”), ikinci yerə Pərvin Nurəliyeva (“Balerina”), üçüncü yerə isə Malik Dursunov (“Qara dayı”) layiq görülüb. Ən yaxşı şeir mükafatında Qəşəm Nəcəfzadə, gənc yazar nominasiyasında isə hazırda hərbi xidmətdə olan Şəhriyar del Gerani fərqlənib. Müsabiqənin həm “uzun”, həm də “qısa” siyahısı açıqlanarkən ciddi etirazlar yaratmışdı. Bəs yazarlar qalib gələn üçlüyü necə qiymətləndirir? Qaliblərlə bağlı fikirlər birmənalı deyil. Modern.az mövzu ilə əlaqədar onluğa düşən lakin qalib ola bilməyən yazarların fikirlərini sizlərə çatdırırıq.
Azad Qaradərəli: “Mən bu barədə heç bir fikir bildirmək istəmirəm. Elə bu cür də yazarsız“.
Zahid Sarıtorpaq: “ Əvvəla, mən həmişə Nigar Köçərlinin bu cəhdini yüksək qiymətləndirmişəm. Ekspertlər də öz işlərini çox yaxşı görə bildilər. Onlar həqiqətən də sözə qiymət verən adamlardır. Məhz onların bu səyi nəticəsində layiqli əsərlər “onluğ”a çıxa bildi. O ki qaldı münsiflərə, fikirləşirəm ki, 19 münsifdən mənim əsərimi 3, yaxud 4 adam oxumuşdu. O münsiflərin içində iki nəfər var nə qədər ki, onlar ordadır, heç vaxt düzgün seçim olmayacaq. Adlarını çəkmək istəməzdim. Bu adamlar kimi istəsələr onu da seçəcəklər. Bunların o biri münsiflərə də təsiri var. O biri münsiflər hörmətli şəxslər olsa da, bu iki nəfərin təsiri hiss olunur. Mən orda bir obyektivlik görmədim. Çünki obyektiv olan bəndə heç vaxt müsabiqə başa çatmamış verdiyi müsabiqədə əsərləri qiymətləndirməz. Azərbaycan reallığında bunun özü də böyük işdir. Qalib olan rəhmətlik Zakir Sadatlıya mənim böyük hörmətim var idi. Əsər həqiqətən də mükafata layiq idi. Çünki o yazdıqlarını yaşamışdı. O birilərə gəldikdə isə mən nə Pərvinin, nə də Malik Dursunovun əsərini oxumuşam”.
Sayman Aruz: “Orda üçüncü qalib rusdilli yazar Malik Dursunovdur. Mən çox təəssüf ki, adında milli sözü olan bir müsabiqədə rusdilli yazara mükafat verilir. Burada ədəbiyyatın, ana dilin güclənməsindən, dirçəlməsindən söhbət gedir. Rusdilli yazarın ödül alması isə gülünc doğurur. Həm də gördüm ki, Zakir Sadatlı iki mükafata layiq görüldü. Birinci yeri tutduğuna görə mükafat, bir də rəhmətə getdiyi üçün xüsusi mükafat. Təşkilatçıların yerinə olsaydım, Zakir Sadatlı rəhmətə getdiyi üçün ayrıca bir mükafat verilərdi. Amma birinci yer o adama verilər ki, o həyatdadır və bundan sonra da yaşayıb yaradacaq. Rəhmətə gedən insana birinci yerin verilməsi doğru deyil. Belə düşünürəm ki, MKM öz daxilində olan qruplaşmalara uduzur. Orda yeganə müsbət hal Zakir Sadatlının yer tutması oldu. Şəhriyarın gənc yazar kimi mükafat almasını gözləyirdim. Üçlükdəki iki yer düzgün paylanmamışdı. Dostların da dediyinə görə orda xüsusi tapşırılmış adamlar layiq görülür, xüsusi planlaşdırılmış işlər aparılır. Eyni zamanda bir məsələ mənim diqqətimi çəkdi. O da budur ki, internet səsvermənin nəticələrini tam dəyişdirilmiş və yalançı formada göstərib elan etdilər. Əsas səsvermədə Zakir Sadatlı 253 səslə birinci və mən 183 səslə ikinci idim. Ancaq həmin tədbirdə elə göstərdilər ki, guya mən 5-ci yerdə olmuşam. Görünür Nigar Köçərli ona təzyiq göstərənlərin təsiri altındadır və həmin adamlar öz daxillərində olan narahatlıqları bu oyunlarla göstərməyə çalışırlar. Hər halda ədəbiyyatın qarşısını almaq mümkün deyil və layiq olmayan “qaliblər” gələcəkdə rüsvay olacaqlar. Mənə elə gəlir ki, ciddi ədəbiyyat bu çirkin oyunlardan uzaqda yaranır və davam edir.”
Elmin Nuri