Modern.az

“Huma Quşu” Fondunun təqdimatı oldu

“Huma Quşu” Fondunun təqdimatı oldu

3 Mart 2023, 17:23

Bu gün Bakı Slavyan Universitetində “Huma Quşu” Təhsilə Yardım Fondunun (Fond) təqdimat mərasimi keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və media təmsilçiləri iştirak edib. 


Modern.az xəbər verir ki, tədbirə ev sahibliyi edən Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Fondun və BSU-nun təhsil və xeyriyyəçilik sahəsində hədəflərindən danışıb, təhsilə yardım göstərən ictimai institut, xeyriyyə fondlarının fəaliyyətini gələcəyə investisiya kimi dəyərləndirib. 

 

"Fondun məqsədi hər birimizin çalışdığı məqsədə, insanların, təhsilin, bəşəriyyətin inkişafına töhfə verməkdir", - rektor söyləyib.

 

"Huma quşu" Fondunun əməkdaşı Nigar Babazadə Humay haqqında xatirələrini bölüşüb.

 

"Bizim uşaqlıqda oynadığımız oyunlar oxuduğumuz kitablar ətrafında idi. Humay elmə, biliklər öyrənməyə maraqlı insan idi. O, savadlı, dünyagörüşü zəngin olan gənclərimizdən idi", - N.Babazadə deyib.


Sonra Humay Quliyeva haqqında çəkilmiş, dostlarının və həmkarlarının xatirələrinin yer aldığı sənədli film nümayiş etdirilib.


Təqdimat mərasimində “Huma quşu” Fondunun prezidenti, Humayın anası Şəhla Vəzirova və Fondun Himayəçilik Şurasının üzvü Leyla Tağızadə Fondun təhsilə dəstək və təqaüd proqramları, fəaliyyət göstərdiyi müddət ərzində qazilərə və maliyyə imkanı məhdud tələbələrə təhsilə yardım istiqamətində verilmiş dəstək və gələcək planlardan, o cümlədən 2023-ilin magistr təqaüd proqramından danışıb.


“Fond Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı, Komitə xətti ilə Kolumbiyanın Medelin şəhərində çalışdığı zaman faciəli şəkildə həyatını itirən Humay Vilayət qızı Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədi ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi Humayın BQXK ilə əməkdaşlıq etdiyi dövrdə hesabına yığılmış vəsaitdir. Fond ailəmizin təşəbbüsü ilə yaradılıb və kommersiya məqsədi daşımır”, - Humayın anası deyib.

 

Daha sonra MilliSoft şirkətinin nümayəndəsi Samid Mirsaabov şirkət tərəfindən hazırlanmış və dəstəklənməsi davam etdirilən “Huma Quşu” Fondunun vebsaytını təqdim edib.

 

“Huma Quşu” Fondunun nümayəndəsi Səidə Abdullayeva fondun təqdim etdiyi imkanların qazilərin həyatına təsirindən və cəmiyyətə inteqrasiya imkanlarından danışıb:


“Fondumuz bu günə qədər üç qazi tələbəyə dəstək olub. Onlar 3 aylıq kursu tamamlayıblar. İkisi əlavə iki il yarımlıq kursa yazılıblar. Təhsillərini davam etdirirlər. Qazilərimizə göstərdikləri şücaət qarşılığında dəstək göstərə bilməkdən məmnunluq duyuruq”.
 

Fondun Himayəçilik Şurasının üzvü Leyla Tağızadə isə təhsilə dəstək, təqaüd proqramları, qazilərə və maliyyə imkanı məhdud tələbələrə təhsilə yardım istiqamətində verilmiş dəstək, gələcək planlardan, habelə 2023-ilin magistr təqaüd proqramından danışıb. Diqqətə çatdırılıb ki, təqaüd proqramına 16-35 yaş aralığında Azərbaycan vətəndaşı olan aztəminatlı ailələrin universitet tələbələri müraciət edə bilərlər.

 

Tədbir auditoriyanın çoxsaylı suallarının cavablandırılması ilə davam edib.


Fondun fəaliyyəti barədə ətraflı məlumat və proqramlarda iştirak üçün ərizə forması Fondun Facebook səhifəsində və humagushu.az saytında yerləşdirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir