Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Vilnus şəhərində keçirilən Litvanın Avropa Birliyində sədrliyinə həsr olunmuş beynəlxalq konfransda “Avropa İttifaqı və onun Şərq Tərəfdaşlığı” adlı paneldə çıxış edib.
Öncə, konfrans iştirakçılarına Şura haqqında məlumat verən A. Quliyev 2008 –ci ildə Şuranın fəaliyyətə başlaması ilə Azərbaycanda QHT sektorunun inkişafının yeni mərhələsinin başlandığını bildirib və təmsil etdiyi qurumun belə bir mötəbər konfransa sponsorluq etməsindən məmnun olduğunu deyib. Şuranın indiyədək 2000-dən artıq yerli QHT-lərin layihələrini maliyyələşdiriyini vurğulayan A. Quliyev, bu ildən etibarən isə 10-u Avropa İttifaqının üzvü olmaqla 15 ölkədə QHT-lərin layihələrini maliyyələşdirəcəyini və bu əməkdaşlığın Azərbaycanın Avropaya inteqrasiya prosesində irəliləməsinə və cəmiyyətlər arasında anlaşmaya müsbət təsir göstərəcəyini qeyd edib.
Daha sonra Avropa İttifaqı və Azərbaycan münasibətlərindən danışan Şura sədri, Azərbaycanın Avropa İttifaqını strateji tərəfdaş kimi gördüyünü və indiyədək ikitərəfli maraqlara söykənən bir çox sənədlərə imza atıldığını dilə gətirib. Həmçinin, Azərbaycanın Avronest PA-nın təsisçilərindən biri olduğunu deyən A. Quiliyev qeyd edib ki, “təəssüflər olsun ki, Avropa Parlamenti Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələr barəsində qətnamə hazırlayarkən Avronest PA-nın potensiyalından tam istifadə etmir. İnanıram ki, biz bu məsələyə diqqət ayırmaqla və birlikdə işləməklə Avropa Parlamenti və Avronest PA arasında anlaşılmazlığı aradan götürə və ümumi maraqlarımız naminə hər iki qurumdan lazımi səviyyədə faydalana bilərik.”
Modern.az