
Türkiyənin başda İstanbul şəhəri olmaqla, bir çox şəhərini əhatə edən “Gəzi parkı” aksiyaları ölkədə turizmə də təsir edib. Azərbaycandan, eləcə də dünyanın bir sıra ölkələrindən hər il Türkiyəyə kifayət qədər turist axını olsa da, “Gəzi parkı” hadisələrindən sonra qardaş ölkəyə gedən turistlərin sayı azalıb.
Modern.az Bakıdakı bir sıra turizm şirkəti ilə əlaqə saxlayıb, Türkiyədəki aksiyaların Azərbaycandan qonşu ölkəyə gedən turistlərin sayına təsir edib-etmədiyini öyrənib. Sorğumuz zamanı bəzi turizm şirkətləri turist sayında azalma olmadığını desələr də, bəziləri İstanbul hotellərində bron edilən yerlərin ləğv edildiyini də gizlətmədilər.
“Atlas Travel “MMC-dən bildirdilər ki, İstanbula gedənlərin sayında elə də azalma yoxdur: “Şirkətə müraciət edənlər təhlükəsiz otellərdə yerləşdirilir. Ona görə də şikayətlə qayıdan müştərilərimiz də olmur”.
“Victory tour” turizm şirkətindən isə bildirdilər ki, turistlərin sayında heç bir fərq yoxdur: “Hələ ki, turistlərdən səfərini təxirə salan olmayıb. Onların sayında azalma da müşahidə olunmur. İşlər öz qaydasında davam edir”.
“Gilan Turizim” dən isə ötən aylara nisbətən İstanbulda baş verən aksiyalardan sonra turist sayında azalma olduğunu etiraf etdilər. Turizm şirkətinin əməkdaşı bildirdi ki, Türkiyədə baş verən hadisələrlə əlaqədar turistlərin sayında azalma olub: “Təkcə İstanbul şəhərinə deyil, həm də Türkiyənin ayrı-ayrı şəhərlərinə də gedənlərin sayı azalıb. Hətta sifarişləri geri qaytaranlar da olub. Məsələn, Taksim hadisələri başlayandan 4-5 sifariş geri qaytarılıb”.
“Turan Travel”dən isə turist sayında heç bir dəyişiklik olmadığını bildirdilər: “Müraciət edənlərin sayı əvvəlki kimidir. Düzdür, bizim özümüzdən də soruşurlar ki, Türkiyəyə gedənlərin sayında azalma olmayıb ki, orada vəziyyət necədir? Amma yenə də gedirlər. Narazılıqla qayıdan da olmayıb”.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev bildirdi ki, ötən illərlə müqayisədə Azərbaycana bir ölkədən gələn turistlərin sayında hansısa səbəbdən azalma baş verib. Amma bu azalma digər ölkələrdən gələnlərin sayı ilə tarazlaşıb: “Məsələn, Novruz bayramı ərəfəsində İrandan ölkəmizə gələnlərin sayı çox olmuşdusa, bu il bu sayda azalma olub. Eləcə də Rusiyadan gələnlərin sayı ilə bu rəqəm tarazlaşıb. Türkiyəyə gedənlərin sayında isə azalmanın olub-olmadığını deyə bilmərəm. Çünki bizə ancaq ölkəyə gələnlər maraqlıdır. Biz o statistikanı aparmırıq. Ölkədən gedənlər isə Sərhəd Xidmətindən soruşun”.
Gültəkin ƏLƏSGƏR