Milli Paralimpiya Komitəsinin üzvləri, Vüsalə Kərimova və Kamal Məmmədov Rusiya Azərbaycanlı gənclər təşkilatının (RAGT) dəstəyi ilə Moskva şəhərinin Aeroklub "Aeroqrad Kolomno" aerodromunda 4000 metr məsafədən təyarədən paraşütlə tullanıblar. Rusiya Azərbaycanlı Gənclər Təşkilatının üzvü Dünya Dadaşova və Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımov əlil idmançılarıma dəstək üçün onlarla bərabər paraşütlə tullanıblar. Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və RAGT-in nümayəndəsi Emin Hacıyev paraşütdən tullananlara dəstək olmaq məqsədi ilə aerodromda olublar.
Məlumat Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilib.
Daha sonra Azərbaycanın Rusiyadakı səfirliyində, Rusiya Azərbaycan Gənclər Təşkilatının (RAGT) nümayəndələri ilə azərbaycanlı paralimpiyaçılar arasında görüş keçirilib. Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, birinci vitse-prezident Natiq Qasımov və RAGT-ın nümayəndəsi Emin Hacıyev iştirak ediblər. Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən idmançılarımız gənclər təşkilatının üzvləri ilə öz təəssüratlarını bölüşüb, xatirə şəkli çəkdiriblər. Qeyd edək ki, paralimpiyaçılarımıza RAGT sədri Leyla Əliyeva tərəfindən pul mükafatı verilib.