Gələcəkdə tibb təhsilində rezidentura və doktorantura yeri müəyyənləşdirilməlidir.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, bu gün bəzi ölkələrdə 6 illik tibb təhsili magistraturaya bərabərdir. Rezidentura isə ondan yuxarı pillə hesab olunur.
"Bəzi ölkələrdə rezidentura magistratura səviyyəsi olaraq nəzərə alınır. Bu nöqteyi-nəzərdən doktoranturaya keçid necə olacaq? Digər tərəfdən qanunvericilikdə həkim-mütəxəssis kimi müddəa qeyd edilib. 6 illik tibb təhsili alan şəxs həkim sayılsa da, mütəxəssis hesab edilmir. Ona görə də bununla bağlı müzakirə aparılmalıdır. Eyni zamanda kafedra müdirinin seçiminə də diqqət etməliyik. Nazirliyin əsasnaməsində qeyd olunub ki, dekanların 2 dəfə seçilmə şansı var. Bu, kafedra müdirinin seçiminə də şamil edilməlidir. Artıq bir nəfərin 30 il kafedra müdiri vəzifəsində çalışması məsələsi keçmişdə qalıb”, - deyə rektor çıxışında vurğulayıb.