Modern.az

TQDK: I-V siniflər üzrə 18 dərslik kompleksi istifadəyə yarasızdır

TQDK: I-V siniflər üzrə 18 dərslik kompleksi istifadəyə yarasızdır

Təhsil

11 İyun 2013, 11:06


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən dərsliklərlə bağlı növbəti monitorinq aparılıb. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yeni təhsil proqramları üzrə (kurikulum) fənn standartları əsasında hazırlanmış I-V sinif, həmçinin hələlik qüvvədə olan tədris proqramları əsasında hazırlanmış və istifadədə olan VII-X sinif  dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb. Bununla bağlı, işlər aşağıdakı mərhələlər üzrə görülüb: 

I)   Dərslik müəllifi olmayan mütəxəssislərin sırasından ekspertlərin hazırlanması.  
II)  Pedaqoji ictimaiyyətin nümayəndələrindən dərsliklərə dair informasiyanın toplanması.

Bunun üçün [email protected] elektron ünvanı yaradılmış və pedaqoji ictimaiyyətə müraciət olunaraq onların qeyd, irad və təkliflərinin bu ünvana göndərilməsi xahiş olunub. Hazırda bu ünvana I-XI sinif dərslikləri barədə 10 minə yaxın (9802) qeyd və təklif daxil olub. Eyni zamanda, müvafiq fənn müəllimlərinin elmi-metodiki seminarları təşkil olunub, seminarlarda Bakı və Sumqayıt şəhərlərindən olan müəllimlər, mütəxəssislər, metodistlərlə yanaşı, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba və Ağcabədi regional bölmələri ilə yaradılan  videobağlantı əsasında həmin bölgələrin müəllimləri və metodistləri, həmçinin Biləsuvar rayonundan “Skype” proqramı vasitəsilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin müəllimləri də iştirak edərək qeyd və təkliflərini bildiriblər. 

III) Dərslik müəllifi olmayan ekspertlər tərəfindən dərsliklərin ilkin ekspertizasının keçirilməsi.  

IV) II və III mərhələlərin nəticələrinin (ictimaiyyətin və ekspertlərin rəylərinin) müqayisəsi. 

V) Müqayisəli təhlilin nəticələrinin ümumi açıq müzakirəyə çıxarılması. İnternet vasitəsilə canlı yayımlanan bu müzakirələrdə dərslik müəllifləri, Təhsil Nazirliyinin müvafiq sahə üzrə nümayəndələri, Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) sədri, ekspertləri, Təhsil Problemləri İnstitutu və Kurikulum Mərkəzinin mütəxəssisləri, Respublika Təhsil Şurasının sədri, Azərbaycan  Dövlət Pedaqoji Universitetin, Bakı Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun müəllimləri  iştirak ediblər. 

VI) Ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylər dərslik müəlliflərinə təqdim olunmuş, cavab olaraq müəlliflər hansı iradları qəbul etdiklərini, hansıları qəbul etmədiklərini bildiriblər.  

VII) Dərslik müəlliflərinin cavablarının müstəqil ekspertlər tərəfindən təhlili.  Müstəqil ekspertizanın keçirilməsində Milli Elmlər Akademiyasının nümayəndələri, ali təhsil müəssisələrinin metodika kafedralarının mütəxəssisləri, ümumtəhsil müəssisələrinin müəllimləri, yaş psixologiyası üzrə ixtisaslaşan psixoloqlar iştirak ediblər. 
I-IV siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 77 dərslik, 91 ədəd müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib, bunlardan 12 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib.  V siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 25 dərslik və 27 ədəd müəllim üçün metodik vəsait müzakirə edilib, bunlardan 6 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib.  Beləliklə, görülmüş işlərin nəticəsində hazırlanmış yekun rəylər (I-V siniflər üzrə) müəlliflərə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilməklə bərabər, www.tqdk.gov.az saytında da yerləşdirilib.

Hazırda VII siniflər  üzrə bütün dərsliklərin, VIII siniflər üzrə “Azərbaycan dili” (variativ dərsliklər), “Ədəbiyyat”, “Rus dili” (ana dili kimi), “Ədəbiyyat” (təlim rus dilində olan məktəblər üçün), “Rus dili” (xarici dil  kimi),  “Cəbr”, “Həndəsə”, “Fizika”, “Kimya”, “Azərbaycan Respublikasının fiziki coğrafiyası”,  “Zoologiya” , “İngilis dili”, “Fransız dili”, “İnformatika”, “Musiqi”, “Rəsmxət”, IX siniflər üzrə  “Rus dili” (ana dili kimi), “Ədəbiyyat” (təlim rus dilində olan məktəblər üçün), “Rus dili”(xarici dil  kimi),   “Cəbr”,  “Biologiya (İnsan)”, “Kimya”, “Fizika”, “Musiqi”, “Rəsmxət”,  X siniflər üzrə “Rus dili”(xarici dil  kimi),  “Fizika”, “Kimya”,” Ümumi biologiya” (variativ dərsliklər)  dərsliklərinin elmi-metodiki monitorinqi başa çatmış və yuxarıda göstərilən  prosedur qaydalara uyğun olaraq yekun rəylər üzərində  iş aparılır. Yekun rəylər  yaxın vaxtlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək.  

Modern.az
          
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama