
“Uşaq hüquqlarının pozulması kimi faktlar bütün dünyada mövcuddur”.
Modern.az xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bu gün Milli Məclisdə keçirilən “Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir” adlı beynəlxalq konfransda deyib. O, buna təsir edən amillərin olduğunu deyib. “İlk olaraq bu məsələdə əsas istiqamət dövlətin mövqeyidir. Bu gün də bu məsələ dövlətin prioritet istiqamətlərindəndir. Uşaq hüquqları haqqında çoxsaylı qanunlar qəbul olunsa da cəmiyyətdən bu məsələyə qarşı adekvat cavab görməsək uşaq hüquqlarının müdafiəsinin görə bilməyəcəyik”. Aynur Sofiyeva onu da bildirib ki, problemin aradan qaldırılması üçün gənc ailələrin maarifləndirilməsi lazımdır. Eləcə də erkən nikahların bağlanması aradan qaldırılmalıdır. “Artıq erkən nikah məsələsində regionlarla məhdudlaşmır. Nikah yaşı 18-ə qaldırıldı, azyaşlıların erkən nikahlara cəlb edilmə ilə bağlı cinayət işi 4 ilə kimi cəza tətbiq olunmasına baxmayaraq, yenə də belə faktlarla qarşılaşırıq. Bundan başqa küçə həyatı yaşayan uşaqların da daha çox zorakılığa məruz qaldığının şahidi oluruq. Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-lə birlikdə təhlillər aparır. Bu gün uşaqların təhsildən yayınması da çox problemli məsələdir. Bununla bağlı monitorinqlər aparılır və bu monitorinqlər başa çatmaq üzrədir”.
Gültəkin ƏLƏSGƏR