
Bu gün Azərbaycan Milli Məclisində AŞPA-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda uşaq zorakılığına qarşı mübarizə ətrafında müzakirələr olub.
Modern.az xəbər verir ki, konfransda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, AŞPA-da “Uşaqlara qarşı zorakılığa yox deyək!” proqramının koordinatoru Sevinc Fətəliyeva bildirib ki, bu tədbir uşaqlara qarşı zorakılıqla mübarizə proqramı çərçivəsində 3-cü konfransdır.
O, qeyd edib ki, Azərbaycanda uşaqlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində önəmli işlər görülür və ölkədə uşaq zorakılığı ilə mübarizə yüksək sosial status əldə edib: “Uşaq zorakılığının yaranmasının əsas səbəbi uğursuz ailələrin sosial vəziyyətidir və bu səbəbdən maarifləndirmə işləri daha da genişləndirilməlidir”.
Milli Məclisin vitse-spikeri Bahar Muradova isə deyib ki, uşaq hüquqlarının müdafiəsi, onlara qoyulan kapital gələcəyin təməli deməkdir və Azərbaycan dövləti də bunu yaxşı anlayaraq uşaq hüquqlarının təminatı məsələsinə xüsusi əhəmiyyət verir:
“Uşaq əməyinin istismarı, uşaqlara qarşı zorakılıq bizi çox narahat edir və bu sahədə Azərbaycan beynəlxalq konvensiyalara qoşulub, qanunverici bazanı təkmilləşdirib”. Vitse-spiker bildirib ki, Azərbaycan müharibəyə cəlb olunmuş bir ölkədir və bu milyondan artıq insanı qaçqın və köçkün problemi ilə üz-üzə qoyub: “Bu isə uşaqların da rifahına olduqca mənfi təsir göstərir”.
AŞPA-nın məruzəçisi Silvia Eloisa Bone Pero isə çıxışında AŞPA-nın 2013-cü ilin aprel ayında keçirilmiş sessiyasında uşaqlara qarşı cinsi zorakılıqla mübarizədə parlamentlərin birliyi məsələsinin qaldırıldığını bildirib. Bu istiqamətdə “Hər beş uşaqdan biri” kampaniyasının gedişatı haqqında məlumat verən Bone Peronun sözlərinə görə, AŞ üzvü olan ölkələr insan hüquqları sahəsində yüksək göstəricilərə nail olmağa çalışmalıdırlar: “Uşaqlar cəmiyyətin zəif təbəqəsidir və böyük hüquqların pozulması hallarına məruz qalırlar. Uşaqlar özlərini müdafiə edə bilmirlər, çünki onlar yaxınları tərəfindən zorakılığa məruz qalırlar”.
Gültəkin ƏLƏSGƏR