“Nə qədər tənqid etsəm də, YAP-çılar hər şeydə nümunəvidirlər”. Bu fikirləri Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan sabiq deputat Maksim Musayev bildirib.
Son günlər YAP-da baş verənləri tənqid etməklə mətbuatın gündəmindən düşməyən M.Musayev YAP-çıları müxalifətə qarşı mübarizəyə səsləyib. O bildirib ki, hakim partiya üzvləri nə qədər bir-birlərini tənqid etsələr də, hər kəs üçün nümunəvi insanlardırlar.
“YAP-ı mən tənqid edəndə elə-belə tənqid eləmirəm. Digər partiyalar da bilsinlər ki,YAP-çılar hər şeydə nümunəvidirlər. Bizim məqsədimiz bir-birimizi əzmək deyil, başa salmaqdır. Diqqət edin, gündə 20-30 qəzet çıxır. Onların da əksəriyyətində YAP rəhbərliyinə qarşı tənqidlər səsləndirilir. YAP-ın da 3 qəzeti var. Bunların heç biri bu tənqidlərə reaksiya vermir. Amma mən bir dəfə onları tənqid elədim deyə, mənə necə hücumlar oldu. Az qalırdılar məni didələr. Məni edam elətdirməyə hazır idilər ki, “sən Əli Əhmədova bu sözləri demisən”. Müxalifət YAP rəhbərliyini o qədər tənqid edir, amma bunlar səslərini çıxarmırlar. Amma bircə sözümü şişirdib mənə təzyiqlər edirlər.
Mən demirəm ki, mənə vəzifə verin, orden verin. Onsuz da bunları versələr də, imtina edərəm”-deyə M.Musayev qeyd edib.
Qocaman YAP-çı daha sona sabiq nazirlər Misir Mərdanov və Əvəz Ələkbərovun partiya rəhbərliyindən uzaqlaşdırılmasından söz açıb. Maksim Musayev Misir Mərdanov və Əvəz Ələkbərovun YAP-ın fəaliyyəti üçün heç bir xidmət göstərmədiklərini bildirərək, onların partiyanın İdarə Heyəti və Siyasi Şurasından kənarlaşdırılmasının obyektiv olduğunu deyib.
“Misir Mərdanov, Əvəz Ələkbərov heç əvvəldən YAP-da fəal olmayıblar. Onların YAP üçün heç bir xidməti yoxdur. Hər ikisinə hörmətim var, obyektiv olmaq lazımdır. Yeni Azərbaycan Partiyasında nə Misir Mərdanovu görmüşəm, nə də Əvəz Ələkbərovu. Mən onların partiya adından heç bir xidmətlərini görməmişəm”.
M.Musayev yaxın günlərdə sayt açacağı barədə xəbərə də aydınlıq gətirib. Deyib ki, bu, sırf özünün həyat yolu və fəaliyyətinə həsr olunacaq bir sayt olacaq.
“Gələn həftədən saytım fəaliyyətə başlayacaq. Sayt sırf mənim həyat yoluma, fəaliyyətimə həsr olunacaq”.
M.Musayevin üzvü olduğu partiyanın İcra Katibliyini tənqid etməsi YAP rəhbərliyinin narazılığına səbəb olub. YAP-çıları mətbuat vasitəsi ilə ara-sıra söz davası çıxıblar.
Anar RÜSTƏMOV