
Milli Şuranın yaranması siyasi müstəvidə partiyaların fəaliyyət istiqamətini daraldıb. Quruma daxil olan siyasi partiyalar addımlarını atarkən ilk növbədə Milli Şuranın qərarları əsasında hərəkət etməli olacaqlar. Bu isə müxtəlif ideoloji prinsiplərlə “silahlanan” partiyalar üçün bəzi əngəllər yaradacağını proqnozlaşdırır. Bəs Milli Şura partiyaların ona verdiyi hansı səlahiyyətlərə söykənib mövqe bildirə bilər?
Modern.az mövzu barədə mövqeləri öyrənib.
Müsavat başqanının müavini Gülağa Aslanlı vurğulayıb ki, partiya heç bir halda səlahiyyətlərini digər quruma güzəştə getmək fikrində deyil. “Bu bizim partiya olaraq mövqeyimizdir. Biz Milli Şuraya xüsusi qurum kimi daxil olmamışıq. Milli Şura fərdlərindir, partiyaların deyil”. Partiya rəsmisi bildirib ki, daxil olduğu hər hansı bir şuraya öz səlahiyyətlərini vermək haqqında öhdəliyi yoxdur.
AXCP də öz səlahiyyətlərini Milli Şuraya güzəştə getmək haqda fikirləşmir. Bu barədə
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı danışıb. Onun sözlərinə görə, Milli Şurada partiya və ya təşkilatların səlahiyyətlərinin güzəştə gedilməsi, hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulmayıb. “İlk təsis yığıncağında qəbul edilmiş əsasnamədə də belə bir öhdəlik nəzərdə tutulmayıb. Üzvlər könüllü surətdə öz fəaliyyətlərini bu qurum çərçivəsində əlaqələndirirlər. Bu səbəbdən də Milli Şurada səlahiyyətlərin məhdudlaşdırılmasından söhbət belə gedə bilməz”.
ACP sədri Sülhəddin Əkbər də Milli Şurada təmsilçiliyin fərdilik prinsipinə əsaslandığını önə çəkib. “Biz Milli Şuraya partiya kimi yox, fərd olaraq bu qurumun sıralarında təmsil olunuruq. Konkret olaraq Milli Şuranın məqsəd və vəzifələr yaxın perspektivdə partiyanın mövqeyi ilə üst-üstə düşdüyünə görə bu quruma üzv olmuşuq”.
Qeyd edək ki, Milli Şuranın ilk iclası iyunun 7-də olub.
Aqşin KƏRİMOV