Azərbaycanın dünyanın bir çox ölkələrində diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Onların xarici ölkələrdəki fəaliyyəti, keçirdiyi tədbirlər barəsində ölkə əhalisi mətbuat vasitəsilə xəbər tutur. Fəallığı ilə seçilən səfirlik və konsulluqlar jurnalistlərin diqqətdən kənarda qalmır. Bununla bağlı Modern.az jurnalistlər arasında sorğu keçirərək onların fikrincə, ən fəal səfirlikləri təqdim edir.
“Mediaforum” saytının əməkdaşı Hikmət Sabiroğlu ən fəal səfirliklər kimi Rumıniya, Serbiya, Rusiya, Cənubi Afrika Respublikası və Meksika səfirliklərini göstərir.
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovun fikrincə, xarici ölkələrdəki səfirliklər arasında aktivlik eyni səviyyədədir. Lakin, Macarıstan, Rusiya və Rumıniyadakı səfirliklərin aktivliyini qeyd etmək olar.
“Ayna” qəzetinin əməkdaşı Nicat Səmədoğlu deyir ki, diplomatik korpuslar daha effektiv fəaliyyət göstərməlidir. Bu mənada Azərbaycanın diplomatik səfirliklərinin xüsusi fəallığı ilə seçilmədiyini bildirib. O, nisbətən Böyük Britaniya, Fransa və Litvadakı səfirliklərin keçirdiyi tədbirləri və etməni diasporuna qarşı mübarizəsində müəyyən uğurlara görə önə çəkib.
“Yeni Müsavat qəzetinin yazarı Elşad Paşasoy isə Amerika Birləşmiş Ştatlarındakı səfirliyimizin fəaliyyətini qeyd edib. Xüsusən Xocalı və 31 mart soyqırımları ilə bağlı ştatlar səviyyəsində qəbul edilən qərarları önəmli hesab edib. O, Şərqi Avropadakı diplomatik nümayəndəliklər, o cümlədən Çexiya, Rumıniya və Polşadakı səfirliklərin fəaliyyətini qənaətbəxş sayıb. Eyni zamanda qonşu ölkələrdə, xüsusilə Rusiyadakı səfirliyimizin aktiv olmasını və 3 milyonluq Azərbaycan diasporunun birləşdirməsini arzu edib. “Eyni sözləri İran və Gürcüstandakı səfirliklərinə də aid etmək olar”.
Vüqar İsmayılov