Modern.az

Toğrul Nərimanbəyovun dəfni təxirə salındı

Toğrul Nərimanbəyovun dəfni təxirə salındı

12 İyun 2013, 17:30

Parisdə məşhur rəssam Toğrul Nərimanbəyovun çərşənbə gününə təyin edilmiş dəfni son anda təxirə salınıb.

“Çərşənbə axşamı saat 5-də Passi qəbirstanlığının işçisi mənə zəng etdi və dedi ki, dəfn baş tuta bilməz, belə ki, məhkəmə iddiası qaldırılıb və mərasim dayandırılıb”, deyə rəssamın həyat yoldaşı Sevil Nərimanbəyova Turan agentliyinə telefonla bildirib. Lakin o, məhkəməyə məhz kimin iddia verdiyini açıqlamayıb.  
Onun sözlərinə görə, yaxın günlərdə iddiaya baxılacaq və rəssamın dəfn ediləcəyi yer haqqında qərar qəbul ediləcək. 

“Bu yaxınlarda biz Parisin bu əyalətində mənzil aldıq və oraya köçməyə hazırlaşırdıq. Toğrul bu yeri çox sevir və Passini Fransanın dahi incəsənət xadimlərinin yatdığı park və muzey adlandırırdı. O, oraya gedirdi və orada qəzet oxumağı sevirdi. O vəsiyyətnamə qoymayıb, amma heç vaxt burada dəfn olunmaq istədiyini gizləmirdi”, deyə Nərimanbəyova bildirib.  
Toğrul Nərimanbəyovun vətənində dəfn olunmasına qarşı olmasının səbəbi ilə bağlı suala cavabda Sevil xanım deyib ki, o, buna qarşı deyil. “Toğrul özü Parisdə dəfn olunma istəyirdi, bu onun istəyidir və mən onu yerinə yetirmək istəyirəm. O, Azərbaycanda dəfn olunmasını istəsəydi mən belə edərdim”, deyə o qeyd edib. Sevil Nərimanbəyova rəssamın ölüm faktını yaxınlarından gizlədiyi haqqında iddiaları təkzib edib. “Mən dərhal qohumlara və Azərbaycan səfirliyinə xəbər verdim”, deyə o bildirib.
 
Qeyd edək ki, mərhumun ilk nikahından olan qızı Əsmər bildirib ki, Sevil Nərimanbəyova rəssamın vəfat etdiyi haqqında xəbər verməyib və necə olursa olsun, onu Fransada dəfn etmək istəyir.
 
Xatırladaq ki, son illər Toğrul Nərimanbəyov Parisdə yaşayır və işləyirdi. Yarı fransız olan (ana tərəfdən) Nərimanbəyovun bu ölkədə qohumları var idi və o, Fransanı ikinci vətəni hesab edirdi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama