Modern.az

Zakir Qaralov Türkiyə Baş prokurorunu qəbul edib

Zakir Qaralov Türkiyə Baş prokurorunu qəbul edib

12 İyun 2013, 18:40


Azərbaycan və Türkiyə Respublikası prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Türkiyə Baş prokuroru Hesen Erbilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun dəvəti ilə iyunun 11-də ölkəmizə səfərə gəlib.

  Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 12-də Türkiyə Respublikası Prokurorluğunun nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.  

Daha sonra nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüş keçirilib. Görüşdə Baş prokuror Zakir Qaralov tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirib.  

Baş prokuror son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli  müasirləşdirilməsi, prokurorluğun strukturun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması  istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə  qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.  

Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Hesen Erbil rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına  böyük önəm verdiyini vurğulayıb. O, ölkələrimiz arasında mövcud olan iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə dəstək verməsini xüsusi qeyd edib.   Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.  

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.  

Modern.az
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama