“Türkiyədə baş verənlər ümumxalq hərəkatıdır və etirazın səbəbi ölkədə baş verən ictimai-siyasi dəyişiklərdir”. Bunu Modern.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, bu dəyişiklər mahiyyət etibarı ilə Atatürk siyasi sistemin dindar siyasət sistemlə əvəz edilməsi ilə başlayıb. “Ərdoğanın açıq-aşkar ölkədə həyata keçirdiyi tədbirlər həm bir tərəfdən özünün hakimiyyətinin avtoritatlaşmasına, digər tərəfdən isə ölkənin dünyəvi siyasi sisteminə təsir edə biləcək, onu dəyişdirə biləcək müxtəlif tədbirlərlə bağlıdır. Bu prosesdə ən kobud metodlardan Ərdoğan istifadə edir. Etirazçılara qarşı güclü tədbirlərin, yəni polis basqılarının həyata keçirilməsi, ölkədə baş verən hadisələrin guya ölkəni xaosa və anarxiyaya sürükləmək istəyən dəstələr olduğunu söyləyir. Nəzər almır ki, bu prosesdə ölkənin bütün ziyalıları, sənət adamları, şairləri, yazıçıları da iştirak edir”.
Q. Hüseynli proseslərdən çıxış yolu kimi vaxtından əvvəl ölkədə seçkilərin keçirilməsinin mümkün ola biləcəyini vurğulayıb. “Lakin Ərdoğan buna getmək istəmir və deyir ki, seçkilərin vaxtı gələndə güclərini göstərəcəklər”.
Dünyanın demokratiyanın tərəfdarı olduğunu və antidemokratik meylləri pislədiyini deyən Qabil Hüseynli bildirib ki, Türkiyədəki demokratiya tərəfləri əzildiyinə və zindanlara atıldığına, öldürüldüyünə, demokratiya və hüquqi dövlət tərəfdarlarının üzərinə hücuma keçildiyinə görə hələ ki Türkiyədəki gedən proseslərə dünyanın diqqətindədir. “Çünki Bəşər Əsədi pisləyən Rəcəb Tayyib Ərdoğan öz hərəkətləri, həyata keçirdiyi polis rejimi tədbirləri ilə Bəşər Əsəddən o qədər də fərqlənmir. O da avtoritar meylli rejim qurub, bu da avtoritarizmə xeyli yaxınlaşıb, son vaxtlar dinc nümayişçilərə qarşı həyata keçirdiyi tədbirlər sırf avtoritar xarakteri daşıyır. Bu nöqteyi nəzərdən dünyanın diqqəti Türkiyəyə yönəlib ki, “sən özün avtoritar hərəkətləri pislədiyin, buna qarşı dünyanı mübarizəyə çağırdığın halda bu hərəkətlərin eynisini öz ölkəndə icra edirsən”.
Politoloq vurğulayıb ki, bu gün Türkiyədə Ərdoğan hökumətinin etdikləri azacıq fərqlə Suriyada baş verənlərdən fərqlənir. “Dünya yaxşı başa düşür ki, müsəlman dünyasında yeganə demokratik respublika olan Türkiyədədir. Əgər orada demokratiya boğulsa və burada da dini rejim iş başına gəlsə onda sivilizasiyalar arasındakı münasibətlər gərginləşə bilər və bu da dünyanın aqibəti üçün xoşa gəlməyən nəticələrə apara bilər”.
Aytən ƏLİYEVA