Türkiyədə gedən son proseslərlə bağlı artıq bir neçə gündür ki ciddi müzakirələr gedir. Gəzi aksiyalarında solçuların çoxluq təşkil etməsi diqqətdən yayınmır. Məsələyə Azərbaycan Kommunist Partiyası da öz mövqeyini bildirib. Partiya sədri Rauf Qurbanov Modern.az-a açıqlamasında bildirib ki, onlar Türkiyə kommunistlərinin yaydığı müraciətə dəstək olurlar.
“İyunun 16-da Mərkəzi Komitənin rəyasət heyətinin iclası olacaq. Biz bu iclasda Türkiyədə baş verən hadisələrlə əlaqədar Azərbaycan Kommunist Partiyası çox ciddi və sanballı bir bəyanat qəbul edəcək”-deyə partiya sədri vurğulayıb.
R.Qurbanov vurğulayıb ki, Türkiyə olayları olduqca xoşagəlməz bir haldır. Eyni zamanda Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın əleyhinə kəskin ittihamlar səsləndirən Rauf Qurbanov deyib:
“Liviyada, Misirdə, Suriyada baş verən hadisələrə Ərdoğan münasibət bildirərkən həmin ölkə başçılarına “hakimiyyətdən əl çəkin, əliniz qana batıb” kimi mesajlar verirdi. Demokratiyadan dəm vuran Ərdoğan bu gün öz ölkəsində baş verənlərə tamamilə başqa münasibət göstərdi. Başqalarına məsləhət verən baş nazir özü xalqın tələbini yerinə yetirmək istəmir”.
Rauf Qurbanov əlavə edib ki, bununla da Ərdoğanın əsl ikiüzlü siması üzə çıxır. “Vaxtilə Qəddafiyə verdiyi məsləhətləri indi Ərdoğanın özünə təklif etmək lazımdır. Çünki onun da əli qana batıb. Artıq 4 nəfər toqquşmalarda ölüb. Mən çox arzulayıram ki, qanlı qarşıdurmalar olmasın. Amma xalqın tələbi icra olunmursa və hakimiyyət öz vətəndaşlarına qarşı zor tətbiq edirsə, təbii ki, insan ölümünə hesablana itkilər də olacaq”.
Səngimək bilməyən hadisələrin Türkiyənin bölgədəki nüfuzuna təsir etməsinə də toxunan azərbaycanlı kommunist qeyd edib ki, ümumiyyətlə bu proseslər regionda gərginliyi artıra bilər.
“Türkiyə özünü müsəlman və türk dövlətlərinə demokratik bir dövlət kimi təqdim etməyə cəhd göstərsə də, etdiyi əməllər bunun əksini söyləməyə əsas verir. Təbii ki, bunlar da Türkiyənin nüfuzuna ciddi təsir göstərəcək. Hadisələr belə davam edərsə, Türkiyənin iqtisadiyyatına da pis təsir edəcək. Mən azərbaycanlı kimi qardaş Türkiyədə baş verənlərin əleyhinəyəm. Ərdoğan hakimiyyəti xalqın xeyrinə güzəştə getməyə meylli olmalıdır”-deyə Türkiyə iqtidarına mesaj verib. Sözünün davamı olaraq Rauf Qurbanov sonda bildirib: “Bəzən Türkiyə olaylarında xarici qüvvələrin izi axtarılır. Ancaq nümayişə çıxanlar hamısı türklərdir. Hakimiyyətin apardığı siyasətə qarşı mübarizə aparan, sözünü demək istəyən türk xalqının nümayəndələri aksiyaya çıxırlar. Bunu xarici qüvvələrin təsiri ilə əlaqələndirmək sadəcə olaraq öz siyasi fəaliyyətini siğortalamağa hesablanıb. Azərbaycan kommunist partiyası olaraq Türkiyədə baş verən proseslərdən çox ciddi narahatıq”.
Aqşin KƏRİMOV