Avropa Parlamenti Azərbaycan rəsmilərini REAL hərəkatının lideri İlqar Məmmədovu və Müsavat Partiyası başqanının müşaviri Tofiq Yaqublunu təcili azad etməyə çağırıb. Azadlıq radiosunun məlumatına görə, iyunun 13-də qəbul edilən qətnamədə xatırladılır ki, İlqar Məmmədov müxalif REAL təşkiltı tərəfindən qarşıdakı prezident seçkilərində İlham Əliyevə rəqib elan olunmuşdu və tezliklə həbs olundu. Deputatlar rəsmi Bakıdan İlqar Məmmədov və Tofiq Yaqubluya qarşı cinayət işinin dayandırılması və ittihamların təcili, ədalətli və şəffaf şəkildə araşdırılmasını tələb edirlər.
Avropalı deputatlar həmçinin Azərbaycanda siyasətçilər, fəallar və jürnalistlərə qarşı qondarma ittihamlar irəli sürlüməsi ilə bağlı məlumatlardan dərin narahatlııq bildirirlər. Onlar Avropa Komissiyasının prezidenti Jose Manuel Barrasonu iyunun 21-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bu barədə məsələ qaldırmağa çağırıblar.
Qətnamənin əsas müddəaları aşağıdakılardır:
1) Həbs olunan bütün jurnalistlər, siyasətçilər, bloqqerlər və gənclər sırf siyasi motivlərlə məhkum olunduğu üçün hər biri dərhal azad olunsun
2) İsmayıllıda baş verən hadisələrdə haqsız şəkildə təqsirli bilinən İlqar Məmmədov və Tofiq Yaqublu barədə cinayət işinə siyasi motiv səbəbilə dərhal xitam verilsin və onlar dərhal azad edilsin.
3) Azərbaycan hakimiyyəti diffamasiya haqqında qanuna Avropa standardları fonunda baxsın.
4) Kütləvi aksiyalar üçün şəhərin mərkəzi də daxil olmaqla adekvat yerlər ayrılsın
5) Aksiyalarda polisin güc tətbiqinə son qoyulsun
6) Qarşıdan gələn seçkilərlə bağlı Avropa Komissiyası prezidenti seçkilərin demokratik və şəffaf keçirilməsini Əliyevdən şəxsən tələb etsin və seçkinin monitorinqini imkanlar daxilində Avropa Birliyi öz üzərinə götürsün
7) Söz azadlığının təmin olunması ilə bağlı konkret addımlar atılsın
8 )Sərbəst toplaşmaq azadlığına 2006-dan qoyulan faktiki qadağa ləğv olunsun.
9) Azərbaycan höküməti Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri qeyd şərtsiz yerinə yetirsin.
Modern.az