Dövrün tələbinə uyğun olaraq, abituriyentlərin daha çox müraciət etdiyi ixtisaslar dəyişir. Əvvəllər abituriyentləri hüquq və tibb daha çox cəlb edirdisə, indi bu ixtisasların yerini müasir texnologiyalarla əlaqəli, texniki ixtisaslar tutur.
Bu tendensiya Azərbaycanda da aşkar müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2021-2022-ci təhsil ili üçün abituriyentlərin ən çox müraciət etdiyi ikinci ixtisalar texniki və texnoloji ixtisaslar qrupuna daxil olanlardır. Üstəlik əvvəlki illərlə müqayisədə bu ixtisas qruplarına müraciət edənlərin sayı da artıb. Belə ki, 2019-2020-ci ildə 9066, 2020-2021-ci ildə 9169, 2021-2022-ci ildə isə 9747 abituriyent texniki və texnoloji ixtisaslar qrupuna qəbul olub.
Magistratura səviyyəsində də ən çox müraciət edilən ikinci istiqamət texniki və texnoloji ixtisaslar qrupudur. 2019-2020-ci ildə 1403, 2020-2021-ci ildə 2096, 2021-2022-ci ildə isə 2739 bakalavr texniki və texnoloji ixtisaslar qrupu üzrə magistratura pilləsinə qəbul olub.
Ancaq bu ixtisası bitirənlərin sayının artması onlara əmək bazarında nə qədər tələbin olduğu məsələsini gündəmə gətirir. Statistika Komitəsinin məlumatına görə, 2019-2021-ci illərdə texniki və texnoloji ixtisasları bitirən universitet tələbələrinin sayı 22 mindən çox olub.
Bəs, əmək bazarında vəziyyət necədir? Həqiqətən, texniki və texnoloji ixtisasları bitirənlərə əmək bazarında bu qədər ehtiyac varmı? Əksinə, bu ixtisasları bitirənlərin sayı əmək bazarı üçün kifayətdirmi?
Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, İT (informasiya texnologiyaları) mütəxəssislərinin bu qədər çox olması dövrün tələbidir:
“Ötən il abituriyentlərin ən çox müraciət etdiyi ixtisaslar sırasında İnformasiya Texnologiyaları sahəsi ilk sırada olub. Bir neçə özəl və dövlət universitetlərində həmin ixtisasa qəbul planı 100 faiz dolub. Bu qədər İT mütəxəssisinin formalaşması dövrün tələbidir. Sadəcə olaraq, biz həmin şəxslərin ölkədən çıxmasının qarşısını almalıyıq. Onlara maddi baxımdan təkan verməli, müvafiq olaraq karyera imkanı yaratmalıyıq. Dünyanın əksər ölkələrində güclü İT mütəxəssislərinə ehtiyac var. Təkcə Ukrayna-Rusiya müharibəsi başlayandan bəri hər iki ölkədə olan İT mütəxəssisləri başqa-başqa ölkələrə axın etdilər. Biz bu istiqamətdə müvafiq mütəxəssislər hazırlandığını nəzərə almalıyıq. Onların ölkənin müxtəlif özəl və dövlət qurumlarında iş imkanlarını stimullaşdırmalıyıq. Eyni zamanda onların özlərini və təhsillərini inkişaf etdirmələrinə təkan verməliyik. Təbii ki, bu gün bir neçə universitet istisna olmaqla, digər universitetlərdə İT sahəsi üzrə ixtisas hazırlığı o qədər də yüksək deyil. Cənubi Koreyada, Yaponiyada İT ixtisasında verilən dərslər bizdəki ilə eyni səviyyədə deyil. Amma yenə də bir neçə universitet var ki, təhsilalan tələbələr digərlərindən daha istedadlı mütəxəssislər kimi yetişə bilirlər. Bakı Ali Neft Məktəbi, Dövlət İqtisad Universiteti, ADA Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Xəzər və Bakı Mühəndislik Universitetlərində bu sahədə daha yaxşı kadr hazırlığı həyata keçirilir. Bir sözlə, İnformasiya Texnologiyalarına yaxın olan ixtisaslarda təhsilalan şəxslərin say çoxluğu heç bir problem yaratmayacaq. Əksinə əlavə dvident yaradacaq. Bunun üçün biz bu sahədə təhsilalanların ölkədən kənara axınının qarısını almalıyıq”.
Ekspert vurğulayır ki, bu ixtisasa təsadüfi daxil olanlar da var:
"İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi, Kompüter Elmləri və İnformasiya Təhlükəsizliyi ixtisaslarının daha çox dövrün tələbi olduğunu vurğulamağımız, demək olar ki, bu sahələrə bilənin də, bilməyənin də axın etməsinə səbəb oldu. Bu ixtisasa hər kəs bilərək müraciət etmir. Bəziləri sadəcə ixtisasın nüfuzundan istifadə edirlər. Tutaq ki, həmin ixtisaslar üzrə qəbul 10-12 min civarı olursa, ondan 4-5 mini sadəcə bu ixtisasın diplomunu almaq məqsədi güdür. Qalanları isə o sahə üzrə oxumaq, təhsil almaq və o istiqamətdə özünü inkişaf etdirmək məqsədi güdür”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov qeyd edib ki, bu sahəni seçənlər əmək bazarında problem yaşamayacaq:
“Ancaq təbii olaraq, onlar sadəcə nəzəri bilik alıb gəlsələr, problem yaranacaq. Amma İT sahəsində mütəxəssis nə qədər çox olsa, ona ehtiyac da bir o qədər artmaqdadır. Əsas diplom yox, onun arxasında duran praktiki biliklərin olmasıdır. İT texnologiyalarını necə tədris edirlər, praktiki vərdişlər nə qədərdir, bu başqa məsələdir. Bu saat qlobal səviyyədə İT ən çox tələb olunan sahədir. Hazırda dünya bazarını bu sahədə ən çox Hindistan təchiz edir. Bizdə belədir ki, təhsildə hansı ixtisas dəbə düşürsə, ona qaçırlar. Yenə deyirəm ki, bu məsələ təhsilin keyfiyyətindən asılıdır. Əgər diplomunda İT mütəxəssisi yazıldığı halda adam kompüteri "user"(istifadəçi) səviyyəsində bilirsə, onda əlbəttə iş tapmayacaq".
Sahib Məmmədov qeyd edib ki, əmək bazarında İT mütəxəssisi tapmaq çətindir:
"Qeyri-formal əmək bazarının həcmi böyükdür. Məhz bu səbəbdən dəqiq data yoxdur. Ancaq deyə bilərəm ki, bəli, Azərbaycanda bu sahənin mütəxəssislərinə ehtiyac var. Hətta mütəxəssis çatışmır. Məsələn işlədiyim yerdə bir led səhifəsi yaratmaq istəyəndə mütəxəssis tapmaqda çətinlik çəkdik".
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texno-bloqer Fərid Pərdəşünas da bazarda bu sahəyə marağın olduğunu vurğulayıb:
"İT, kibertəhlükəsizlik, proqramlaşdırma mütəxəssislərinə tələb var. Müasir peşələr bu istiqamətdə inkişaf edir. Ona görə də, bu sahədə nə qədər kadr yetişsə, bir o qədər yaxşı olacaq. Bütün bunlar EKA sistemin inkişafına səbəb olacaq. İT ixtisasını bitirənlər Azərbaycanda ola-ola xaricdən də işlər ala bilirlər. Hazırda kifayət qədər belə iş götürən şəxslər var. İşlərini Azərbaycanda ola-ola xaricə sata bilirlər. Burada nə qədər kadr yetişsə bir o qədər faydalı ola bilər. Bazarda kadr problemi yoxdur".