Əvvəllər "övladınızın hansı peşənin sahibi olmasını istərdiniz" sualına valideynlərin cavabları təxminən belə olardı: polis, müəllim, həkim..
İllər ötdükcə, həm dövrün tələbləri dəyişdi, həm də insanların arzuları. Müasir texnologiyaların həyatımızın ayrılmaz bir hissəsinə çevrilməsi gələcəyə baxışımızı xeyli dəyişdirdi. Eyni zamanda internet dövrü illər öncə aktual olan peşələrin sıradan çıxmasına, əmək bazarında tələb və təklifin dəyişməsinə gətirib çıxardı.
Bəs, indiki valideynlər övladlarının hansı peşəyə yiyələnməsini istəyir?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib ki, hazırda təbiət elmlərinə, informasiya, kommunikasiya və kompüter elmlərinə maraq artıb.
“Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanların nəticələri göstərir ki, artıq təbiət elmlərinə, eyni zamanda informasiya, kommunikasiya, kompüter elmlərinə maraq çoxalıb. Çünki bu, dövrün tələbidir. Dövr artıq informasiya cəmiyyəti dövrüdür. İndiki cəmiyyətin adına çox vaxt post-industrial cəmiyyət, yəni sənayedən sonrakı cəmiyyət də deyirlər. Biz xaricdə, dünyanın aparıcı universitetlərinə daxil olan istedadlı gənclərimizdən görürük ki, onlar daha çox kimyanı, İKT və təbiət elmlərini seçirlər. Fikrimcə, bu çox yaxşı haldır. Valideynlərin və abituriyentlərin istəklərinə müdaxilə etmək istəmirəm. Amma bütün hallarda məktəbdə müəllimlər, valideynlər uşaqlarının hansı elmə, istiqamətə yönəlmək istəklərini nəzərə almalı və onlara məqsədlərinə çatmaqda kömək etməlidirlər. Bu gün deyə bilərik ki, böyük istedad nümayiş etdirən, böyük alim olan şəxslərin çox hissəsi təhsil almaq istədikləri ixtisasları özləri seçib. Valideyn müdaxiləsi olmadan özləri seçdikləri peşələrə yiyələnib”, - Etibar Əliyev deyib.
Deputatın sözlərinə görə, şagirdlərin daha yaxşı təhsil alması üçün məktəblərdə təmayülləşmə geniş vüsət almalıdır:
“Bu gün dünyada ən çox gəlir əldə edənlər qeyd etdiyim sahələr üzrə çalışan mütəxəssislərdir. Düşünürəm ki, uşaqlara və məktəblilərə elmi sevdirmək lazımdır. Elmin gələcəyi barədə onlara məlumatlar vermək və maarifləndirmək vacibdir. Bu mənada düşünürəm ki, elmin təşviqinə normal şəkildə yer verə bilsək, şagirdlərin seçdiyi ixtisaslara uyğun çox yaxşı kadr potensialı əldə edə bilərik. Hazırda respublikamızda beynəlxalq olimpiadalar keçirilir və şagirdlərimiz üstün yerlər tutur. Bu, o deməkdir ki, artıq mühit dəyişir. Bu mühit daha çox Azərbaycana lazım olan ixtisaslar üzrə kadr hazırlığına yönəlir. Hesab edirəm ki, orta məktəblərdə təmayülləşmə geniş vüsət almalıdır. Yuxarı siniflərdə təmayülləşməyə geniş yer vermək lazımdır ki, şagirdlər seçdiyi və sevdiyi ixtisaslar üzrə daha yaxşı biliklər əldə etsinlər”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərovanın fikrincə, indiki dövrdə valideynlərin əksəriyyəti övladlarını daha çox texnologiya mühəndisi kimi görmək istəyir.
“Əvvəllər valideynlər övladlarının daha çox həkim və polis olmasını, yaxud hansısa dövlət qurumlarında çalışmasını istəyirdilər. Hazırda isə texnologiya üzrə sahələrə daha çox üstünlük verilir. Düşünürəm ki, dünyada ən çox məvacib alan və trend sayılan sahələr məhz proqramlaşdırma ilə əlaqədar olan peşələrdir. Bu, əslində həm dövrün tələbindən, həm də bu sahəyə marağın artmasından irəli gəlir. Bu gün valideynlər övladlarının texniki və daha çox İT sahəsinə yönəlməsini istəyir. Eyni zamanda, ənənəvi peşələrə, məsələn, həkim, müəllim, yaxud hüquqşunas kimi sahələrə də maraq var. Amma müşahidələrə və statistikaya baxdıqda qeyd etdiyim sahələrə tələbin daha çox olduğunu görə bilərik”.
Sonda qeyd edək ki, dövrün tələbinə uyğun olaraq, abituriyentlərin daha çox müraciət etdiyi ixtisaslar da dəyişir. Əvvəllər abituriyentləri hüquq və tibb daha çox cəlb edirdisə, indi bu ixtisasların yerini müasir texnologiyalarla əlaqəli, texniki ixtisaslar tutur. Bu tendensiya Azərbaycanda da aşkar müşahidə edilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2021-2022-ci təhsil ili üçün abituriyentlərin ən çox müraciət etdiyi ikinci ixtisaslar texniki və texnoloji ixtisaslar qrupuna daxil olanlardır. Üstəlik əvvəlki illərlə müqayisədə bu ixtisas qruplarına müraciət edənlərin sayı da artıb. Belə ki, 2019-2020-ci ildə 9066, 2020-2021-ci ildə 9169, 2021-2022-ci ildə isə 9747 abituriyent texniki və texnoloji ixtisaslar qrupuna qəbul olub.
Magistratura səviyyəsində də ən çox müraciət edilən ikinci istiqamət texniki və texnoloji ixtisaslar qrupudur. 2019-2020-ci ildə 1403, 2020-2021-ci ildə 2096, 2021-2022-ci ildə isə 2739 bakalavr texniki və texnoloji ixtisaslar qrupu üzrə magistratura pilləsinə qəbul olub. Statistika Komitəsinin məlumatına görə, 2019-2021-ci illərdə texniki və texnoloji ixtisasları bitirən universitet tələbələrinin sayı 22 mindən çox olub.
Aytac Əsədova