Botanika İnstitutunun Herbari Fondu çox dəyərlidir. Nə nazirlik, nə də Bakı Şəhər İcra Hakimiyyəti herbarilərin bu və ya digər şəkildə məhv olması və ya təhlükə altına düşməsini istəyir.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, hazırda orada təmir işləri getdiyinə və yerinin dəyişməsi məsələsi gündəmdə olduğuna görə, bunun prosedurlara uyğun şəkildə aparılması planlaşdırılır.
“Bu haqda daha geniş məlumat olduqda, ictimaiyyətə daha dəqiq məlumat verə bilərik. Lakin iki məsələni xüsusi vurğulamaq istəyirəm ki, bu, proses heç bir halda orada çalışan işçilərin ixtisarı və ya işdən çıxarılması, həmçinin dəyərli eksponatların korlanması, onlara zərər dəyməsi anlamına gəlmir. Biz dövlət qurumları olaraq bu işdə nə qədər ehtiyatlı olmalı olduğumuzu anlayırıq. Onların hara köçürülməsi ilə bağlı sual yaranıb. Amma onların hansı formada köçürülməsi istiqamətində müzakirələri daxildə aparırıq”, - deyə Emin Əmrullayev qeyd edib.