Partiya Bülənt Arıcın istefasını təkzib etdi
Türkiyə mediasında Baş nazirin müavini, hakimiyyətin aparıcı fiqurlarından və hakim AKP-nin aparıcı üzvlərindən olan Bülənt Arıcın istefası xəbəri yayılıb. Bununla bağlı Modern.az AKP-nin rəhbərlərindən olan Böyük Millət Məclisi Aparatının rəhbəri Mustafa Kabakçı ilə əlaqə saxlayıb.
”Dünya mediası Türkiyəni Taksim kimi təqdim etdi”
Mustafa Kabakçı öncə Türkiyədəki son olaylarla bağlı fikrini Modern.az-la bölüşüb. O, qeyd edib ki, Türkiyə çox böyük, istiqlalçı, demokratik bir dövlətdir:
“Ona görə də hesab edirəm ki, yalnız Türkiyədə deyil, demokratik ölkələrdə bu kimi olaylar zaman-zaman baş verib və verəcək də. Hər hansı dövlət belə hallardan sığortalanmayıb. Ancaq təəssüfedici bir hal var ki, bu hadisə Türkiyənin bölgədə, dünyada gücləndiyi bir vaxta təsadüf etdi. Ona görə də bunu təsadüf hesab etmək olmaz. Bu, bizi narahat edən məsələdir. Bizi narahat edən məsələlərdən biri də ondan ibarətdir ki, bu hadisələrdən sonra dünya mətbuatı, dünyanın aparıcı media qurumları Türkiyəni yalnız “Taksim” olaraq dünyaya çatdırmaq istədilər.
Sanki Türkiyə Taksimdən ibarətdir. Bu da doğru yanaşma deyil. Hesab edirəm ki Türkiyə hökumətinin, Türkiyə dövlətinin heç bir sıxıntısı yoxdur. Türkiyənin 74 milyon əhalisi var və bu insanların içində fərqli düşüncə sahibləri, fərqli insanların olması doğru bir haldır. Bunu inkar etmirik. Türkiyə demokratik ölkə olduğu üçün hər kəs öz fikrini bildiyi, istədiyi şəkildə ifadə edə bilir. Ancaq qanunlara riayət etmək bir nömrəli məsələdir”.
”Hakimiyyət məsələsini isə seçki qutuları həll edir”
“Təbii ki, Türkiyənin güclü müxalifəti var. Hər kəs seçkini gözləməlidir. Hansısa siyasi qüvvə “mən güclüyəm” deyirsə öz gücünü seçkidə yoxlamalıdır. Türkiyə elə bir ölkədir ki, burada qanundan kənar məsələlərə yer yoxdur. Buyursunlar, seçkilərdə iştirak etsinlər, öz güclərini göstərsinlər. Ancaq xarici qüvvələrin köməyi ilə polisə zor göstərmək doğru hal deyil, qanunsuzluqdur, dövlətə qarşı çıxmaq deməkdir. Türkiyə elə bir güclü dövlətdir ki, bu məsələlər mümkünsüzdür. Hesab edirəm ki, Türkiyənin güclənməsi Türk Dünyasının güclənməsi deməkdir. Bunu bütün dünya görürdü. Türk dünyasının güclənməsini görən, türk dünyasının dünyada güclənib böyük səsə sahib olduğunu görən, bu səsin türk dünyasının problemlərini həll edəcəyinə nail olacağını görən qüvvələr bundan narahatdırlar, buna qarşıdırlar”.
M. Kabakçı deyib ki, Tükiyəni Taksim kimi dünayaya göstərən dünya mediası Azərbaycanda 1 milyondan artıq qaçqın məsələsinə bir dəfə diqqət verməyib:
“Dünyanın aparıcı mediaları bir gün gəlib sizdə bu məsələlərlə bağlı dünyaya bir informasiya çatdırdılarmı? Çatdırmadırlar. Bir məsələni də sizin vasitənizlə bütün dünyaya və Türkiyəni sevənlərə çatdırmaq istəyirəm ki, baxsınlar, görsünlər Türkiyədə baş verən son olaylardan kimlər qazandı. Hesab edirəm ki, son hadisələrdən Türkiyə qazanmadı. Türkiyə siyasətçisi, vətəndaşı, jurnalisti düşünməlidir ki, Türkiyə qazanmadısa, deməli
Türkiyəyə qarşı olan qüvvə qazandı.
Bu qüvvə qazandısa, demək ki, bu hadisə Türkiyənin zərərinədir. Ona görə də buna dəstək verənlər düşünməlidirlər ki, Türkiyənin zərərinə dəstək verirlər. Sizi tam əmin edirəm ki, Türkiyə bu məsələni aşacaq, öz gücünü sonadək göstərəcək. Bəzən söylənilir ki, bu məsələlər sadəcə sırf bizim baş bakanımız Ərdoğana qarşıdır. Mən bunu bu şəkildə qəbul etmirəm. Belə göstərirlər ki, hədəf Ərdoğan idi. Xeyr. Hədəf Türk dünyasıdır. Ona görə də
İlham, Əliyev, Rəcəb Tayyib Ərdoğan, Nursultan Nazarbayev bir yerdə olmalıdır.
Belə məsələləri bir yerdə aşmaq lazımdır. Hesab edirəm ki, bir yerdə olduqda bu məsələlər daha tez və güclü şəkildə həll ediləcək”.
O ki, qaldı bu olayın Türkiyənin hakim AKP-nın gücünün zəiflətməsinə, orada parçalanmanın baş verməsinə, eyni zamanda Bülənt Arıcın istefa verməsinə gətirib çıxarmasına Mustafa Kabakçı bunu təkzib edib: “Bunlar hamısı fitnə-fəsadlardır.
Heç bir istefa yoxdur.
Sadəcə, Türkiyədə AKP-nin gücündən qorxanlar indi də bu şəkildə iftiralar yayırlar. AKP belə məsələləri çoxdan keçib. Sadəcə, onu da deyə bilərəm ki, AKP o qədər güclü partiyadır ki, orada düşüncə, fikir ayrılığı var və bu fikir, düşüncə ayrılığını partiyanın parçalanması, bölünməsi kimi qəbul etmək doğru fikir deyil. Qeyd edim ki,
son olaylar AKP üzvləri arasında da müəyyən fikir ayrılığına gətirib çıxarıb.
Təbii ki, hər kəs problemin həlli yolunu müxtəlif şəkildə görür və bu fikir ayrılığı elə AKP-nin güclü də düşüncə fəqliliyinin çox olmasındadır. Düşüncə fərqi nə qədər olursa olsun, hədəf eynidir. Hədər Türkiyənin böyük olmasına, türk dünyasının böyük olmasına hesablanıb. AKP buna hesablanmış bir partiyadır. Ona görə də bizdə fikir, düşüncə ayrılığı partiyanın hər hansı şəkildə bölünməsinə gətirib çıxarmayacaq. Əksinə, bu fikir ayrılığı problemlərdən birlikdə çıxmağımıza gətirib çıxaracaq. Türkiyəni sevməyən qüvvələrə qarşı birlikdə mübarizə aparmalıyıq. Son olaylar bunu bizə diktə edir”.
Gültəkin ƏLƏSGƏRLİ