Dövlət İmtahan Mərkəzinin (DİM) bu il keçirdiyi buraxılış imtahanlarında abituriyentlər arasında maksimal nəticənin (300 bal) əldə edilməməsi təhsilin keyfiyyəti ilə bağlı müzakirələrin aktuallaşmasına səbəb olub. Bir çox valideynlər və müəllimlərin fikrincə, abituriyentlərin yüksək bal toplaya bilməməsi imtahan suallarının çətin olmasından irəli gəlir. Lakin bəzi ekspertlər hesab edirlər ki, hazırki durum ölkə üzrə təhsilin keyfiyyətinin aşağı olmasından qaynaqlanır.
Bəs problemi harada axtarmaq lazımdır? İmtahan nəticəsi yüksək deyilsə, bunun günahı şagirddədir, yoxsa müəllimdə?
Mövzu ilə bağlı Modern.az-a danışan təhsil üzrə mütəxəssis, professor Şahlar Əsgərov bildirib ki, problemin səbəbi şagirdlə müəllim arasında bilik mübadiləsinin olmamasıdır:
“Müəllimlə şagirdin münasibətini çayla daşın təmasına bənzədirəm. Necə ki, daş çayda su ilə daim təmasdadır, şagird də müəllimi ilə daim əlaqədə olmalıdır. Birlikdə maariflənməlidirlər. Müəllim öz tələbəsindən imtahan götürəndə hər sonrakı il daha mükəmməl sual verir və daha mükəmməl dərs deyir. Müəllim özünü təkmilləşdirib həm gözəl suallar tərtib edə, həm də yaxşı dərs deyə bilir. Deməli, həm şagird, həm də müəllim özü kamilləşir. Amma 30 ildir ki, biz müəllimin kamilləşmə imtahanını əlindən almışıq".
"Müəllimlər 30 il bundan əvvəl daha yaxşı dərs deyirdi, nəinki indi. Müəllim özü keyfiyyətdən düşdüyünə, müəllimlə şagird arasında bilik mübadiləsi olmadığına görə 700 bal toplayan abituriyent olmayacaq. Çünki artıq Azərbaycanda müəllim toplumu əldən gedir. Müəllim dərs deyəndə və sonra imtahan götürəndə özü də biliklənir. Müəllimin biliklənmə imkanı əlindən alınıb. Biz müəllimlə tələbənin təmasını test imtahanları ilə qırırıq. Nəticədə hər sonrakı il müəllim daha zəif dərs deyir. Yəni ildən-ilə onun müəllimliyini və kamilləşməsini əlindən alırıq. Müəllimləri bir tərəfdən proseslərlə, digər tərəfdən təsiretmə mexanizmləri ilə hörmətdən salırıq”, - deyə professor vurğulayıb.
Təhsil eksperti İlqar Orucov isə düşünür ki, abituriyentlərin maksimal nəticə toplamamasına səbəb kimi pandemiya dövrünü göstərmək olar.
“Səbəblər araşdırma mövzusudur. Düşünürəm ki, bu səbəblər araşdırılandan sonra daha dolğun və düzgün məlumat vermək olardı. Ümumiyyətlə, bu barədə araşdırmaların olduğunu düşünmürəm. Amma bəzi versiyalar var. Fikrimcə, 2 il müddətində davam edən COVID-19 pandemiyası bütövlükdə təhsilin keyfiyyətinə birbaşa təsir göstərən faktorlardan biridir. Hətta biz o zaman da pandemiyanın nəticələrini bir neçə il sonra hiss edəcəyimizi qeyd edirdik. Bu mövzuda əsas səbəblərdən birinin pandemiya olduğunu düşünürəm".
"Digər tərəfdən müəllimlərin, abituriyentlərin və valideynlərin sosial şəbəkələrdə tez-tez DiM-in imtahan suallarının çətinliyi ilə bağlı şikayətlərini görə bilirik. Hətta çətinlik ildən-ilə artır. Bu da səbəblərdən biri ola bilər. Bir daha qeyd etmək istəyirəm ki, əgər DİM-in suallarının çətinliyi müzakirə olunursa, deməli, burada hər hansı məqamlar axtarıla bilər. Toxunmaq istədiyim vacib məsələlərdən biri də sualların tərtibidir. Sualları elə formada tərtib edə bilərik ki, hər il 1, 2, 5, yox daha çox abituriyent 700 bal toplasın. Lakin əksinə imtahan sualları daha da çətinləşdirilir. Bizdə olan informasiya bu yöndədir. Əlbəttə ki, bunu müəllimlər, yaxud repititorlar deyirsə, bu yanaşmada hər hansı ittiham elementləri ola bilər”.
Aytac Əsədova