Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb. Modern.az saytının məlumatına görə, bugünkü iclasda spiker Oqtay Əsədov çıxış edərək deyib ki, iyunun 13-də Avropa Parlamenti Azərbaycanla bağlı “təxirəsalınmaz” adı ilə qətnamə qəbul edib. Odur ki, sədr gündəliyə bununla bağlı məsələnin daxil edilməsin təklif edib və 99 səslə təklif qəbul olundu.
O.Əsədov AP-ı sərt tənqid edib: “Bu, bir daha onu göstərir ki, Azərbaycana qarşı qərəz var. Azərbaycan Avropa İttifaqı ilə çox konstruktiv əməkdaşlıq edir”.
Spiker deyib ki, qətnamə qəbul olunan gün o özü Brüsseldə olub: “Ancaq çox təəssüf ki, artıq qətnamə hazır idi. Bu, onu göstərir ki, Azərbaycanın müstəqil siyasəti çoxlarını narazı salır. Avropa Parlamentin bizə nəyisə diktə etməyə ixtiyarı yoxdur, yalnız tövsiyəsini verə bilər. Bu gün biz bu qətnaməyə Azərbaycan parlamentinin kəskin münasibətini bildirməliyik. İlk qətnamə “Eurovison” keçiriləndə qəbul olunmuşdu. Qəbul olunan qətnamə qərəzli qətnamədir. Eyni vaxtda Avropada Azərbaycana qarşı qətnamələrin qəbulu ortada qərəz olduğunu sübut edir”.