Modern.az

Ədəbi şedevrlər harda saxlansa yaxşıdır: Londonda, yoxsa Bakıda? - POLEMİKA

Ədəbi şedevrlər harda saxlansa yaxşıdır: Londonda, yoxsa Bakıda? - POLEMİKA

21 İyun 2013, 12:24


AMEA-nın Əlyazmalar İnstitutu Səfəvilər dövründə yaşamış Azərbaycan şairi, dövlət xadimi Mürtəzaqulu xan Şamlu Zəfərin Böyük Britaniyanın Kembric Universiteti kitabxanasında saxlanan şeirlər toplusunun surətini əldə edib.

Üzərindəki qeyddən divanın 1669-cu ildə tamamlandığı məlum olur. Mürtəzaqulu xanın 839 beytdən ibarət Azərbaycan dilindəki divanı 114 qəzəl, 3 kiçik həcmli məsnəvi, 3 tərkibbənd, 2 tərcibənd, 1 müxəmməs, 1 müstəzad, 5 qitə, 1 rübaidən ibarətdir.  

Modern.az itmiş ədəbi nümunələrin axtarışı və tapıntısı ilə bağlı iki mütəxəssinin rəyini öyrənib.

Məti Osmanoğlu (BDU-nun filologiya fakültəsinin dosenti): ““Əgər xarici ölkələrin kitabxanalarında , muzeylərində Azərbaycana aid əlyazmalar saxlanılırsa bu bizim üçün çox yaxşıdır. Çünki biz hələ böyük sərvətləri qoruyub saxlamaq səriştəsində deyilik. Bir dəfə bir yas məclisində idik. Söhbət elə bu cür məsələlərdən düşdü. Çoxu deyirdi ki, bizim böyük əlyazmalarımız ordadır, gətirmək lazımdı. Bu zaman böyük yazıçımız İsa Hüseynov söhbətə qoşuldu. “Allah atalarına rəhmət eləsin, onsuz da gətirib burda məhv edəcəyik”. Düzdü, zarafatyana deyilsə də böyük həqiqəti özündə əks etdirir. Müharibə dönəmində Rembrandtın əsəri və digər böyük sənət nümunələri SSSRİ xəttiylə gətirilib Bakıda Mədəniyyət və İncəsənət İnstitutunda saxlanılırdı. Amma sonradan o əsər oğurlandı və Amerikada tapıldı. Bu onu göstərir ki, biz hələ də böyük əsərləri saxlamaq iqtidarında deyilik. “Şeyx Səfi” xalçası Londonda saxlanılır. Xalçanın bəxti onda kəsdi ki, o Londondadır. Yoxsa burda itib-batacaqdı. Yaxud itməsə də  belə, özünüz təsəvvür edin, onu Londonda çox  insan görər, ya Bakıda? Şərt onların harada saxlanılması deyil. Şərt onların özümüzə məxsusluğunu təsdiq etdirməkdir. Qoy Londonda olsun, amma bilinsin ki, o, Azərbaycana məxsusdur”. 

Sənan İbrahimov (filologiya elmləri doktoru): “Səfəvilər dövründə çoxlu şairlərimiz Hindistana Əkbər şahın yanına gediblər. Həmin şairlərin ədəbi irsi daha sonra ingilislərin əlində keçir. Onlardan biri Yusif Qarabağidir. Onun 6 cildlik əlyazmaları Oksfordda saxlanılır. Onlardan yalnız birini yuxu yozumları haqqında fəlsəfi traktatlarını “Yeddi bağ “ adıyla Məsiağa Məhəmmədi tərcümə edib. Ancaq digər fəlsəfi traktatları isə araşdırılmamış qalır. Halbuki onlar fəlsəfə tariximiz üçün olduqca vacib əsərlərdir. Bu cür mənbələr çoxdur. Rusiyada Saltıkov-Şedrin kitabxanasında o dövrün bütün şair və alimlərin əsərlərinin hamısı aparılıb saxlanılır. Hətta indiyədək heç onların kataloqu  da tərtib olunmayıb. Bir mənbədə yazılır ki, o kitablar o qədər çox idi ki, iki öküz arabasına yüklədilər və öküzlər o arabaları ağır olduğundan darta bilmədi. O əsərlər indiyədək o kitabxanada saxlanılıb. Çoxlu şairlərimiz var ki, onlar Hindistana mühacirət ediblər. Onların siyahısı bizdə var. Çox təəssüflər olsun ki əsərləri əlimizdə yoxdur”.   

Elmin Nuri

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama