Ötən həftənin sonu Azərbaycanda bu il üçün sonuncu buraxılış imtahanı keçirilib. İmtahan Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonlarında, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilanda (Ağalı kəndi) baş tutub.
5 və 12 mart tarixlərində 11-ci siniflərin, 9 və 16 aprel tarixlərində isə 9-cu siniflərin buraxılış imtahanları keçirilib. 11-ci siniflərin imtahanlarında 100 mindən çox, 9-cu siniflərin imtahanında isə 95 mindən çox şagird iştirak edib. Hələlik sadəcə martın 5-də keçirilən buraxılış imtahanlarının cavabları açıqlanıb. Digər imtahanların cavablarının qarşıdakı həftələrdə açıqlanması gözlənilir.
İmtahanlar yekunlaşsa da, şagirdlərin və valideynlərin şikayətləri səngimir. Sonuncu imtahanla bağlı da sosial şəbəkələrdə şikayətlər səsləndirilir.
Ümumiyyətlə, bu il imtahanlar neçə keçdi və gələn il üçün hansı təkmilləşdirmələrə ehtiyac var?
Məsələ ilə bağlı Modern.az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, imtahanların cavablarının gec elan edilməsi əsas məsələlərdəndir:
"Bu il ali təhsil müəssisələrinin birinci mərhələsi, eyni zamanda buraxılış imtahanları martın 5-i və 12-si, əvvəlki illərin məzunları ilə, 5 və 12 mart tarixlərindəki imtahanlarda iştirak edə bilməyənlər üçün aprelin 2-də keçirildi. Bunun ardınca, DİM tərəfindən 9-cu siniflər üçün imtahan təşkil olundu.
Əhəmiyyətinə görə 5-i, 12-si və 2 apreldə keçirilən imtahanlar seçilir. DİM yalnız martın 5-də keçirilən imtahan nəticələrini açıqlayıb. 12 martda keçirilən imtahandan 1 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də nəticələr açıqlanmayıb. Bu kifayət qədər ciddi faktordur. Bu yazı işi tələb edən test tapşırıqlarına görə olsa belə, hesab edirəm ki, dünyada qəbul olunan norma var. Yəni belə bir vəziyyəti heç bir halda qəbul eləmək olmaz. İmtahan nəticələri daha qısa müddətdə elan olunmalıdır. Yəni buna görə biz imtahandan yazı işi tələb edən sualları çıxarmalıyıq. Heç bir halda imtahan nəticələri bu qədər gec açıqlanmır. Bu, ciddi problemdir. Bunun ardınca DİM imtahan sualları ilə bağlı apellyasiya müraciətlərinə başlayır. Təbii ki, 1 aydan çox vaxt keçib. Əlbəttə, imtahan iştirakçıları test tapşırıqlarını yaddaşlarında saxlamayacaqlar. Onlar apellyasiyaya hansı sualları verməklə bağlı çətinlik çəkəcəklər".
Ekspert deyib ki, İmtahanda istifadə olunmuş sualların bir neçəsi çətin tipli olub:
"Buna görə də, 5 martda keçirilən imtahanın nəticəsi ilə bağlı 6000-dən çox apellyasiya şikayəti var. Bu ciddi faktordur. Həqiqətən, bu, DİM-in keçirdiyi imtahandakı test tapşırıqlarının çətin olduğunu göstərir. Riyaziyyat fənni ilə bağlı mübahisəli sual var. Azərbaycan dilindən mətn tipli tapşırıq çətin idi. Müəyyən edilmiş vaxtda bunların həll edilməsi mümkün deyildi. İmtahanın təşkili peşəkar keçirilib. Təhlükəsizlik və imtahan qaydalarına riayət edilməsində DİM artıq çox böyük təcrübəyə malikdir. Nəzarətin güclü olması, DİM-in şəffaf imtahan keçirməkdə maraqlı olduğunu göstərir. Bəziləri elə fikirləşir ki, zal nəzarətçisinə nəzarət yoxdur. İmtahanla bağlı DİM-in açıqlamalarında gördük ki, zal nəzarətçiləri və digər şəxslər belə qayda pozuntularına yol verdiklərinə görə, prosesdən kənarlaşdırılır. Şagirdlər də əlavə resurslardan istifadə edərlərsə, onlar da bu prosesin iştirakçısına çevrilirlər. Onlarla bağlı da cəza tədbirləri həyata keçirilir. Bunlar ciddi faktorlardır. Ümumilikdə imtahan orta təhsil müəssisələrindəki tədris proqramına uyğun idi. Öncədən elan olunduğu kimi mart ayına qədərki mövzulardan salınmışdı. Test tapşırıqlarının modeli ilə bağlı isə problem var. Düşünürəm ki, DİM bunun buraxılış imtahanı olduğunu qəbul etməlidir. Bütün hallarda bu imtahandan hər ixtisas qrupu üzrə abituriyenlər iştirak edirlər. Onlar universitetlərə, kolleclərə getmək istəyirlər. İmtahanın birinci hissəsinin bu qədər çətin olmasına ehtiyac yoxdur".
Təhsil eksperti Elçin Əfəndi isə vurğulayıb ki, 5 və 12 mart tarixlərində keçirilən imtahanlarda abituriyentlərin, o cümlədən valideynlərin və müəllimlərin ümumi narazılıqları olub:
"Azərbaycan dilindən mətnin böyük olması, o cümlədən riyaziyyat suallarının çətinlik dərəcəsinin çox olması, bir neçə sualda anlaşılmazlıq olması ümumən abituriyentlərin imtahan nəticələrinə təsir etmiş olur. İki imtahanda 100 mindən çox abituriyent iştirak edib. 2 aprel tarixində keçirilən imtahanda isə təxminən 27 minə yaxın abituriyent iştirak edib. Kifayət qədər böyük kontingentin imtahanda iştirak etdiyi məlumdur. Bu abituriyentlərin ümumi imtahan nəticələrinin aşağı olması, əlbəttə, qarşıdakı dövr ərzində ali təhsil, eyni zamanda orta ixtisas təhsil müəssisələrinə qəbulda müəyyən qədər ixtisaslar üzrə formalaşan keçid ballarına da öz təsirini göstərə bilər".
Ekspert vurğulayıb ki, gələn il üçün imtahan suallarının hazırlanmasında abituriyentlərin ümumi bilik və bacarıqları mütləq nəzərə alınmalıdır:
"Burada bəzi sualların çətinlik səviyyəsinin nəzərə alınması, eyni zamanda Azərbaycan dilindən salınan mətnlərin həcminin kiçik olması yaxşı olar. Beləliklə, abituriyentlər onlara verilən 3 saatdan maksimum istifadə edib rahatlıqla sualları yaza bilər. Mətn tipli sualların cavablandırılması xeyli vaxt alır. Ümumilikdə götürsək, bizdə qəbul imtahanın formatı tamamilə dəyişilməlidir. Çünki buraxılış imtahanında abituriyentlər 3 fənndən imtahan verirlər. Daha sonra blok imtahanında yenə 3 fəndən imtahan verilir. Bu da abituriyentlərin hazırlıq prosesini əngəlləyir. Daha yaxşı, daha səmərəli hazırlaşmasını bir növ əllərindən almış olur. Bir növ abituriyentlər istismar olunur. Eyni zamanda onların valideynləri istismar olunur. Valideynlər əlavə ödəniş edir, hazırlıqlara pul ödəyir. Bütün bunlar nəzərə alınaraq mütləq imtahan fənlərinin sayı minimallaşdırılsa, daha məqsədəuyğun olar".