Modern.az

Gənclərin elmə marağı azalır... - 20 il gözləmək lazım deyil!

Gənclərin elmə marağı azalır... - 20 il gözləmək lazım deyil!

Təhsil

17 Aprel 2023, 17:38

Azərbaycanda tədqiqatçıların sayı hər keçən il azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2021-ci ildə 1 milyon əhaliyə düşən tədqiqatçı sayı 834 nəfər olub. Bu rəqəm 2020-ci ildə 849, 2019-cu ildə 871, 2018-ci ildə 956 nəfər olub.

 

Müşahidələr göstərir ki, xüsusilə gənclər arasında elmə maraq daha da azalıb. Ekspertlər bunu müxtəlif səbəblərlə əlaqələndirirlər. Bəziləri bunun sosial problemlərlə əlaqəli olduğunu bildirir, digərləri fərqli səbəblər səsləndirir. Həqiqətən, tədqiqatçı və alimlərin maaşının az olması bu problemin əsas səbəblərindən biridir. Ancaq problemlər yalnız bununla bitmir...

 

Gənclərin elmə marağı belə davam edərsə, 20 ildən sonra vəziyyət necə olacaq? Bu marağın artması üçün hansı addımları atmaq olar?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, gənclərin elmə marağının azalmasının əsas səbəblərindən biri maaşlarla əlaqədardır:

 

"Gənclərin elmə marağının azalması birmənalıdır. Bu özünü açıq və aydın şəkildə büruzə verir. Gənclərin mütləq əksəriyyəti özünü elmdə görmür. Onlar daha çox özəl sahəyə meyil göstərirlər. Gənclərin elmə marağanın azalmasının ən böyük səbəbi bu sahədə maaşların elə də yüksək olmaması ilə bağlıdır. Bir gənc haradasa başqa bir sahədə işləyərək daha çox maaş ala bilər. Bu elmə meyli daha da azaldır. Yəni ümumilikdə prosesə mənfi təsirini göstərir. Ona görə də, hesab edirəm ki, bu sahədə maaşlar artmalıdır".

Deputat deyir ki, elmi adların alınması da çox çətin prosesə çevrilib:

 

"Elmi adların alınması prosesi çox vaxt və vəsait tələb edir. Motivasiya yoxdur. Bu istiqamətdə dəstək baxımından konkret iş görülmür. Biz həm müəllimlərin maaş məsələsinə, həm də elmə gələnlərə müəyyən güzəştlərin edilməsinə çalışmalıyıq. Beləliklə, onların özlərini bu sahədə görmələrinə yardımçı olmaq olar. Ona görə də hesab edirəm ki, biz bu sahədə də ciddi şəkildə düşünüb, qərarlar qəbul etməliyik. Eyni zamanda bizim akademiya, universitet sistemində də bu istiqamətdə çox ciddi addımların atılmasına ehtiyac var ki, biz bu məsələləri həll edə bilək".

 

Sabiq təhsil naziri Firudin Cəlilov isə gənclərin elmə gedən yolunun qəsdən bağlandığını düşünür:

 

"Gənclərin elmə həvəsinin aşağı düşməsi məsələsi məni çoxdan narahat edir. Çünki bu çox ciddi problemdir. Keçmiş nəsil alimlər gedir və onların yeri boş qalır. Ancaq elmdən başı çıxmayan, təsəvvürsüz adamlar gəlib o yerləri tutur. Ona görə də elm inkişafdan qalır. Son 30 ildə bu proses gedir. Bunun səbəblərindən biri alimlərin yaşayışının maaşların azlığı səbəbindən acınacaqlı olması ilə bağlıdır. Akademiya sistemində çalışan gənclər bunu öz üzərlərində hiss edirlər. İkinci bir məsələ də gənclərin elmə yolunun qəsdən bağlanması ilə bağlıdır. "beşinci kolon" bu sahədə dediyini edir. Elmə təşviq etmək, maraqlandırmaq əvəzinə gənclərin qarşısına sərt qaydalar qoyulur.  Gənc dissertasiya yazırsa, çətin prosedurlardan keçməli olur. Məsələn məqalələr xaricdə hansısa jurnallarda dərc olunmalıdır deyirlər və ya başqa bariyerlər qoyulur. Ona görə də o çətin aşılan maneələri kasıb uşaqlarının keçmək imkanı yoxdur. Maraq sönüb, gənclər elmə getmirlər. Adətən 100 gəncdən 3-ü,4-ü elm dalınca getmək istəyir. Onların da xeyli hissəsi mənimlə məsləhətləşirlər. Onların durumunu öyrəndikcə çox təəssüf hissi keçirirəm. Bizim dövlətimizə neftdən milyonlarla qazanc gəlir. Ancaq elmə az pul xərclənir. Gəncləri elmə həvəsləndirmək istiqamətində işlər getmir".

Firudin Cəlilov vurğulayır ki, bunun fəsadları üçün önümüzdəki 10-20 ili gözləmək lazım deyil: "Artıq 10-15 ildir ki, sözügedən proses özünü göstərir. Meydanda ciddi şəkildə elmlə məşğul olan gəncə rast gəlmək olmur. Keçmiş nəsil gedir, yeri boş qalır. Bunu indidən görürük.  Önümüzdəki 10-20 ili gözləmək lazım deyil".

 

1998-2013-cü illərdə təhsil naziri vəzifəsində çalışan Misir Mərdanov isə problemin nəzərə alınacağına ümid bəslədiyini bildirib:

 

"Gənclərin elmə həvəsi, marağı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bu da əsasən sosial təminatla bağlıdır. Mən şəxsən əminəm ki, bu məsələ Azərbaycan hökuməti tərəfindən nəzərə alınacaq. Gənclərin maraqları getdikcə artacaq. Onların elmə dönməsi sürətlənəcək.Beləliklə, 10-20 il gözləmədən məsələnin qarşısı alınacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi