İyunun 21-də Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamı Endi Vorholun əsərlərindən ibarət “Həyat, ölüm və gözəllik” mövzusunda sərgi açılıb.
Açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu sərginin mədəniyyətlərarası dialoqun yaradılmasında, müxtəlif mədəniyyətlərin, o cümlədən müasir incəsənət nümunələrinin təbliğində və yaşadılmasında əhəmiyyətli rol oynadığını deyib.
Bildirib ki, Heydər Əliyev Mərkəzi bu gün elm, təhsil, mədəniyyət və digər istiqamətlərdə yerli və beynəlxalq səviyyəli müxtəlif layihələr həyata keçirməklə bu sahələrin öyrənilməsinə, eləcə də inkişafına xidmət göstərir.
”Bu gün isə Heydər Əliyev Mərkəzi bütün sənətsevərləri müasir rəssamlığın məşhur nümunələri ətrafında toplayıb. Bu sərgi Heydər Əliyev Mərkəzinin mədəniyyətlərin bir-birinə qovuşması, xalqlar arasında dialoqun yaranması istiqamətində uğurlu layihələrindən hesab oluna bilər”.