
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığına əsasən nazirlərin, komitə rəhbərlərinin regionlarda vətəndaşlarla görüşləri davam edir. Bu dəfə iqtisadi inkişaf naziri Şahin Mustafayev Horadiz şəhərində Ağdam, Tərtər, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib. Vətəndaşların qəbulu Horadiz Şəhər Mədəniyyət Sarayında təşkil olunub.
Modern.az-ın məlumatına görə, qəbula gələnlər əsasən güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, işə qəbul, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı istəklərini bildiriblər.
Görüş zamanı nazir vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlara tapşırıqlar verib.
Bir sıra vətəndaşların müraciətləri yerindəcə həll edilib. Digər məsələlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilib. İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Modern.az