Təhsil naziri Mikayıl Cabbarov iyunun 22-də Şamaxıda vətəndaşları qəbul edib. Prezident İlham Əliyevin dövlət məmurlarının yerlərdə vətəndaşların qəbul edilməsi ilə əlaqədar verdiyi tapşırıqlar çərçivəsində keçirilən tədbir Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunub. Təhsil naziri Şamaxı, habelə Ağsu, İsmayıllı və Qobustan rayonlarından gəlmiş vətəndaşları qəbul edib, onların şikayətləri, istək və arzuları dinlənilib. Rayonların təhsil şöbələri müdirlərinin, eləcə də nazirliyin digər tabeli qurumları rəhbərlərinin qəbulda iştirakı şikayət və qaldırılan məsələlərin operativ həllinə şərait yaradıb.
Qəbul zamanı vətəndaşlar əsasən işə götürülmə, dərs saatlarının artırılması, məktəb və uşaq bağçalarının təmiri, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil haqqı və s. əlaqədar müraciətlər ediblər. Əksər məsələlər yerindəcə, operativ olaraq həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
Modern.az