“Bəzi adamlar zibilliyə tullayacağı şinlərin bir ədədini 1 manata satmaq istəyirlər”
Tədbirə dəvət aldığımız zaman telefonda ilk eşitdiyimiz söz “ayağınızın ölçüsü neçədir?” sualı oldu. Birinci başa düşməsəm də sonradan dedim, yəqin, ayaqqabı bağışlayacaqlar. Nəinki mən, digər dəvətlilər də bu barədə elə mənim kimi düşünmüşdülər. İçi mən qarışıq bir himə bənd olan jurnalist həmkarlarım elə hey yol boyu ayaqqabı atmacalarından qalmadılar.
Nə məqsədlə keçirilməsindən xəbərsiz olduğum üçün yol uzunu nə yazacağımı fikirləşirdim. Nəhayət, mənzil başına çatdıq – “Holcim” (Azərbaycan) ASC (keçmiş Qaradağ sement zavodu). İlk görüşdəcə şirkətin ictimaiyyətlə əlaqə sektorunun müdiri Rəna Tahirova və onun həmkarları bizi elə isti qarşıladı ki, tədbirim maraqlı olacağına heç şübhəm qalmadı. Bu arada gecikən həmkarlarımızın hesabına çay-kofe də iç-içə söhbətimizi də davam etdirmək qərarına gəldik. “Holcim” (Azərbaycan) şirkətinin ictimaiyyətlə əlaqə sektorunun müdiri Rəna Tahirova şirkət haqqında ətraflı məlumat verdi. Şirkətin nə qədər böyük olmasını rəqəmlərlə isbat edən Rəna Tahirova onun dünyada 5 aparıcı şirkətdən biri olduğunu dedi. “Təkcə sement istehsalı ilə kifayətlənməyən “Holcim”in “mətbəx”ində çınqıl, asfalt, sement kimi məhsulları da var. İstehsalat həcmin 211 milyon ton təşkil edən şirkətin dünyada 150 sement, çınqıl zavodu fəaliyyət göstərir. Hər il 36 milyon ton sement satılır. 51 min əməkdaşının olduğu şirkət müvəqqəti işləyənlər və 3-cü şirkətlərlə birgə 70-80 min işçisi var”.
Əməkdaşları arasında “ağsaqqal” titulunu alan “Holcim” 1912-ci ildə fəaliyyətə başlayıb. Azərbaycanda isə 1999-cu ildən fəaliyyət göstərir. “Qaradağ sement zavodu 1999-cu ildə özəlləşdiriləndən sonra səhmlərinin əsas hissəsini “Holcim” aldı. Sadəcə “Qaradağ sement”in adı o zamanlar çox güclü olduğuna görə dəyişdirilmədi. Sonradan sement bazarı, tikinti istehsalı böyüdüksə bazarın tələbləri də böyüdü. Bu baxımdan bazara Qaradağ adı ilə saxta sementlər ayaq açdı. Ona görə də 2012-ci ilin aprel ayında hüquqi adımızı dəyişdirib “Qaradağ” ASC-dən “Holcim” (Azərbaycan) ASC-yə keçdik”.
Bazarın tələblərini nəzərə alan “Holcim” (Azərbaycan) müxtəlif sement məhsulları istehsal edir. Hazırda şirkət həm qalaq, həm də kisə şəklində bazara 6 növ məhsul çıxarır. Lakin sement istehsalı yalnız yerli bazar üçün nəzərdə tutulub. Çünki tələbat çox olduğundan şirkət daxili bazarın yalnız 50 faizini ödəyə bilir. Amma şirkət bununla kifayətlənməyərək gələcəkdə istehsalı artırmaq niyyətindədir.
Tikintisinə Stalinin qol çəkdiyi zavodu sonuncu dəfə görən jurnalistlərin də biz olduq. “Buna görə özümüzü bəxtəvər hesab etməliyik” deyən Rəna Tahirova zavodun bu yaxınlarda tarixə qovuşacağını söylədi. Artıq həmin zavod köhnəldiyindən 2008-ci ildə şirkətin qərarı ilə yeni, müasir zavod tikilməyə başlayıb. Yeni zavodun tikilməsi isə nə az, nə çox düz 300 milyon avro tələb edib. Bu da Azərbaycanda qeyri-neft sektorunda ən böyük investisiya hesab olunur. “Təbii ki, “Holcim” şirkəti üçün bunu təkbaşına etmək çox çətin idi. Ona görə də zavodun tikintisinə Avropa Yenidənqurma və İnkişaf Bankı köməklik etdi. Bununla da 2011-ci ilin 4 dekabrında ilk xammal dəyirmanı işə salındı. 2011-ci il dekabrın 17-də ilk klinker istehsalı olundu. Bu bizim üçün tarixi hadisə idi. Çünki həmişə şahidi oluruq ki, bütün layihələr gecikir. Ancaq bu layihə plandan kənara çıxmayaraq, tələsmədən, hər bir mərhələni düzgün keçərək vaxtı-vaxtında yerinə yetirdi”.
“Holcim (Azərbaycan )” ASC sement istehsalı üçün tələb olunan qazın sərfiyyatını azaltmaq məqsədilə tullantılardan istifadə etməyi də düşünür. Bu məqsədlə 2013-cü ildə “Holcim”in törəmə şirkəti olan “Geocycle”in, “Geocycle Azərbaycan” şirkəti yaradılıb. “Geocycle Azərbaycan” şirkətinin direktoru Samir Ağayev şirkət haqqında ətraflı məlumat verərək sementin keçdiyi yoldan danışdı.
“Sementi almaq üçün 1400 dərəcə istilik tələb olunur və zavod bu məqsədlə qazdan istifadə edir. Avropada isə qaz yanan zaman sobaya tullantılar da atılaraq yandırılır. Avropada bir sıra istehsalçılar 80 faiz tullantılardan əldə edilən enerjidən istifadə edir, bu bəzi istehsalçılarda 100 faizə çatır. “Holcim” (Azərbaycan) alternativ enerji əldə etmək üçün avtomobil şinlərindən, mazut və neft tullantılarından istifadə edəcək. Sobalarda yandırılacaq şinlərin tüstüsü və külü klinkerlə qarışaraq xammal kimi istehsal olunacağından, ətraf mühitə heç bir ziyan vurulmayacaq. “Holcim (Azərbaycan ) ASC bu ilin sonuna alternativ enerjidən istifadənin payını 8%-ə , 2014-cü ildə 10%-ə, 2015-ci ildə isə 14%-ə çatdırmağı planlaşdırır. Növbəti hər il ərzində alternativ enerjinin payı 2% artırılacaq. Hazırda alternativ enerjidən istifadəni təmin edəcək avadanlıqların quraşdırılması başa çatmaq üzrədir. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Ətraf mühitə təsirin qiymətləndirilməsi” icazəsini almaqla məşğuluq. İcazə verilən kimi tullantıların yandırılmasına başlayacağıq”.
Sementin əldə olunmasında təbiəti də yaddan çıxarmayan şirkət alternativ enerjidən istifadə etməklə ekoloji məsələləri də ön plana çəkib. “Azərbaycanda qazın qiyməti ucuz olsa da, tullantıların yandırılması ilə enerjinin əldə edilməsi iki baxımdan sərfəlidir. Bunlardan birincisi, ekologiya məsələlər “Holcim” üçün önəmlidir, ikincisi ucuz enerji məhsulun maya dəyərini azaltmağa imkan verəcək.
“Geocycle Azərbaycan” direktoru təəssüflə qeyd edib ki, bəzi insanlar zibilliyə tullayacağı şinlərin bir ədədini onlara 1 manata satmaq istəyirlər. Belələri ətraf mühitin tullantılardan xilas edilməsinin onların da borcu olduğunu anlamır, şirkətə bu baxımdan kömək göstərməyə maraq göstərmirlər.
“Geocycle Azərbaycan” neftlə çirkli torpaqların təmizlənməsi fəaliyyəti ilə də məşğul olacaq. “Holcim” (Azərbaycan)” ASC bu il ölkədə iki yeni sement zavodunun açılmasını sevinclə qarşılayır.
Zavoda təşkil olunmuş press-tur zamanı şirkətin marketinq mütəxəssisi Elşad Mirzəyev rəqabətin bazarda keyfiyyətli sementi artıracağını deyir. “Nə qədər çox rəqib olsa, bir o qədər yaxşı olar. Nəticədə sement məhsulunun keyfiyyəti artar, bu da istehlakçıların xeyrinədir. Azərbaycanın illik sementə tələbatı təxminən 5 milyon ton təşkil edir və bu da zavodun istehsal gücündən bir neçə dəfə çoxdur. “Holcim” (Azərbaycan) bu ilin sonuna 1,7 milyon ton sement istehsalını hədəfləyir. Zavod hazırkı tələbatın yalnız 30-35%-ini ödəyə bilər”. Zavodun ümumi fəaliyyəti haqqında geniş məlumatdan sonra jurnalistlər axır ayaq ölçüsünün nə üçün lazım olduğunu öyrəndi. Müəssisə ərazisində təhlükəsizliyimizi təmin etmək üçün bizim üçün ayrılmış xüsusi geyimləri geyinib zavod ərazisinə ekskursiyaya çıxdıq. Həmkarlarım ayaqlarındakı ayaqqabıların suda batmaz, odda yanmaz olduğunu xəbər tutanda şirkət rəhbərliyinə onları geri qaytarmaq niyyətində olmadıqlarını dedilər. Atmacalarından geri qalmayan jurnalistlər bu ayaqqabıların nəinki zavod ərazisində, hətta Bakı küçələri üçün əlverişli olduğunu söylədilər. Şirkət ayaqqabıları geri qaytarmaq istəməyən jurnalistlərin bu inadkarlığını zarafatyana şəkildə dəf etməyi bacardı. Elə bu zarafatla da zavod ərazisindən xoş təəssüratla ayrıldıq.
Gültəkin ƏLƏSGƏR