Modern.az

Azərbaycanda yüzlərlə tələbə universitetlərdən XARİC EDİLİB

Azərbaycanda yüzlərlə tələbə universitetlərdən XARİC EDİLİB

28 Aprel 2023, 11:45

Hər il Azərbaycanda dövlət və özəl universitetlərdə oxuyan tələbələrdən bəziləri müxtəlif səbəblərdən təhsil müəssisəsindən xaric olunurlar. Həmin tələbələr təhsildən ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında əsasnaməyə uyğun kənarlaşdırılırlar.

 

Əsasnaməyə görə, tələbələrin tədris müəssisəsindən xaric olunması qış və yay tətilləri dövründə aparılır. Əsasnamədə tələbənin oxuduğu ali məktəbdən xaric edilmə səbəbləri də göstərilir. Belə ki, tələbə öz arzusu ilə başqa təhsil müəssisəsinə köçürüldüyünə görə, tədris intizamını, təhsil müəssisəsinin daxili qaydalarını ciddi şəkildə pozduğuna və üzrsüz səbəblərdən müəyyən olunmuş miqdardan (bir semestr ərzində ali məktəbin müəyyənləşdirdiyi miqdardan) çox dərs buraxdığına görə, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının  arayışına əsasən) ali məktəbdən xaric edilə bilər.

 

Bəs ötən tədris ilində nə qədər tələbə universitetdən kənarlaşdırılıb?

 

Modern.az-ın əməkdaşı bununla bağlı universitetlər arasında sorğu keçirib.

 

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Cavid Zeynallı ötən il ərzində universitetdən 9 tələbənin xaric olunduğunu bildirib.


“Ötən il ərzində Azərbaycan Dillər Universitetindən 9 tələbə xaric olunub. Bunun bir neçə səbəbi var. Onlardan bir neçəsi 9-10 ilin tələbələridir. Bu illər ərzində universitetlə əlaqə saxlamayıblar, 10 il müddət keçib. Bundan başqa, tələbələr arasında yaşayış yerini dəyişmək və digər ali təhsil müəssisələrinə köçürülmələrlə əlaqədar xaric olunanlar da var”. 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov ötən il ərzində 138 tələbənin xaric olunduğunu bildirib.


“Azərbaycan Dövlət Pedaqoji Universitetində ümumilikdə 138 tələbə universitetdən xaric edilib. Onlardan 55 nəfəri universitetə qəbul olunduqdan sonra qeydiyyatdan keçmədiyinə görə, 29 nəfəri təhsil haqqı borcunu ödəmədiyi üçün, 28 nəfəri öz arzusuna əsasən, 10 nəfəri intizamsızlığa görə, 14 nəfəri digər ali təhsil müəssisələrinə köçürüldüyünə görə, 2 nəfər tələbə isə vəfat etdiyi üçün ADPU tələbələri sıralarından xaric ediliblər”.


Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova ötən il ərzində 168 tələbənin universitetdən kənarlaşdırıldığını söyləyib:


“Azərbaycan Tibb Universitetindən ümumilikdə 168 nəfər xaric olunub. Bunlardan 72 tələbə öz xahişi ilə, 39 tələbə qeydiyyatdan keçmədiyinə görə, 1 tələbə xəstəliyi ilə əlaqədar, 31 tələbə digər ali təhsil müəssisələrinə köçürüldüyünə görə, 22 tələbə müqavilə şərtlərini pozduğuna və təhsil haqqını vaxtında ödəmədiyinə görə, 1 tələbə müvəffəqiyyətsizliyə, 1 tələbə intizamsızlığa, 1 tələbə isə vəfat etdiyi üçün xaric olunub”. 


Xəzər Universitetinin mətbuat katibi Əlövsəd Əmirbəyli ötən il ərzində universitetdən 83 nəfərin xaric olunduğunu açıqlayıb.


“Ötən il ərzində Xəzər Universitetindən 83 nəfər xaric olunub. Bunlardan 59 nəfəri digər ali təhsil müəssisələrinə köçürülmə ilə əlaqədar, 24 nəfəri isə öz xahişi ilə əlaqədar xaric edilib”.

 
Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova keçən il universitetdən 195 tələbənin xaric olunduğunu bildirib.


“Ötən il ərzində Azərbaycan Texniki Universitetindən 195 tələbə xaric olunub. Bunlardan 107 nəfəri universitetlə əlaqə saxlamadığına görə, 88 nəfəri isə öz xahişi ilə təhsil müəssisəsindən xaric olunub”.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov keçən tədris ilində 242 tələbənin təhsil ocağından kənarlaşdırıldığını deyib.


“Ötən tədris ili ərzində Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən 242 tələbə xaric olunub. Tələbələrin xaric olma səbəbi kimi əsasən üç istiqaməti qeyd etmək olar: universtetlə əlaqəni kəsdiyinə görə (dərsə gəlmədiyinə, ailə vəziyyəti ilə bağlı, başqa yerə köçdüklərinə görə və s.), digər ali təhsil müəssisələrinə köçürüldüyünə görə (transfer) və öz xahişi ilə universitetdən xaric olunan tələbələr”.

 

Dövlət İdarəçilik Akademiyasının sözçüsü Yusif Ağayev bildirib ki, ötən il universitetdən xaric olunan olmayıb.


Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Mətləb isə ötən tədris ilində 100-dən çox tələbənin təhsil müəssisəsindən xaric olunduğunu bildirib.


"Ötən tədris ilində Qərbi Kaspi Universitetindən 100-dən artıq tələbə xaric olunub. Xaric olunma səbəblərinə digər ali təhsil müəssisələrinə köçürülmə, müqavilə şərtlərinin pozulması və tələbənin öz istəyi ilə xaric olunma daxildir".

 

Aytac Əsədova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir