Təhsil sistemimizdə uzun illər böyük vəzifə tutmuş bir qisim adamlar xeyli aktivləşiblər. Təkliflər verirlər, yollar göstərirlər.
Modern.az xəbər verir ki, bunu deputat Etibar Əliyev sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, belə adamlara vaxtilə islahat aparmaq, yararlı işlər görmək üçün kifayət qədər şərait yaradılmışdı.
"Maliyyə imkanları da yetərli səviyyədə idi. Lakin pis əməllər və savadsızlıq inkişafın qarşısını aldı. Köhnələr yenilərin səriştəsizliyindənmi bəhrələnirlər? Bu amil var və bunu inkar etmək qeyri-mümkündür. İndiki cavanların çoxu təhsili bilmir. Yaşlılar isə zamanın sürətlə dəyişən paradiqmalarından xəbərsizdirlər. Təhsildə 15-20 il böyük vəzifə tutanlar çox pis örnəklər qoyublar. 2500-dən çox saxta müəllim, bütün dövlət proqramlarının korrupsiyaya yönəlməsi, minlərlə saxta diplomlulara şəhadətnamələrin verilməsi, universitetlərin şəxsi ambisiyalarla idarə olunması və s.
Mən bu iki nəslin bir araya gəlməsinin tərəfdarıyam, lakin bu həmrəylik təhsilimizə nəsə verəcəkmi? Optimist olmaq mümkün deyil. Yaşlılar həm də təhsil sahəsində ictimai rəyi çaşdırırlar. Məncə, bunun qarşısı alınmalıdır. Özlərini elə aparırlar ki, sanki təfəkkürlərində sıçrayışlı dəyişiklik baş verib. Düşüncəmə görə heç nə dəyişməyib, həmən paslı təfəkkürdür. Ancaq həm də təhlükə yaradan və ictimai rəyi çaşdıran prosesdir",- parlamentari qeyd edib.