Modern.az

Deputat və ekspertdən buraxılış imtahanları ilə bağlı DİM-ə ÇAĞIRIŞ

Deputat və ekspertdən buraxılış imtahanları ilə bağlı DİM-ə ÇAĞIRIŞ

6 May 2023, 15:54

Buraxılış imtahanlarının iki mərhələdə keçirilməsi ilə bağlı təkliflərə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə münasibət bildirib. Ötən gün jurnalistlərə açıqlama verən DİM rəhbəri imtahanların iki mərhələdə təşkil edilməsinin mümkün olduğunu, lakin hazırda buna ehtiyac olmadığını söyləyib.

 

"Açıq suallar daha çox vaxt aparır. Elə qapalı suallar var ki, orada heç bir dəqiqə belə tələb olunmur, həmin sualı 1 saniyədə cavablandırmaq mümkündür. Məsələn, sual olunur ki, qonşu bucaqlar hansılardır? Bu suala baxanda anında cavab vermək olar. Burada hesablama aparmaq tələb olunmur. Bu halda həmin suala ayrılan vaxt digər suallara sərf oluna bilər. Şagirdlərin biliyini daha dərindən qiymətləndirmək üçün buraxılış imtahanlarını iki mərhələdə keçirmək olar. Lakin hazırda buna ehtiyac yoxdur", - DİM sədri deyib.

 

 

Uşaqlar dərs getmir, yeni mərhələ icad edirlər

 

Məleykə Abbaszadənin açıqlaması barədə Modern.az-a danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev imtahanlarda mərhələləşdirmə əvəzinə sadələşdirmə işləri aparılarsa, daha yaxşı nəticələr əldə olunacağını bildirib.


“Zaman keçdikcə dünyada imtahan sistemi sadələşdirilir ki, uşaqlar imtahan aludəçisi olmasın. Əgər şagirdlərin fənlər üzrə bilikləri dəqiq qiymətləndirilirsə, bu cür təmtəraqlı imtahanlar keçirilmir. Bu gün istər Dövlət İmtahan Mərkəzinin, istərsə də Elm və Təhsil Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri uşaqları məktəbə bağlamaqdır. Uşaqlar dərslərdən yayınmamalıdır, müəllimlərin tədris etdiyi dərslərin keyfiyyəti düzgün qiymətləndirilməli, məktəb mühiti yaxşılaşdırılmalıdır. Dünya bu işlərlə məşğuldur. Biz isə hələ imtahanları mərhələləşdiririk, imtahanları vaxtından əvvəl keçiririk. Uşaqlar dərsə getmir. Artıq iki aydan çoxdur ki, uşaqlar dərsdən soyuyub. Digər tərəfdən yeni mərhələlər icad edirlər. Mən imtahanların getdikcə sadələşdirilməsinin tərəfdarıyam. Hesab edirəm ki, sadələşdirilmə aparıldıqca uşaqlar məktəbə daha çox bağlanacaqlar", - deputat vurğulayıb.

 

İmtahanları asanlaşdırmaq lazımdır!

 

 

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, imtahanların məzmununda dəyişiklik edilməlidir:


“Artıq 4 ildən çoxdur ki, ümumitəhsil müəssisələrində 9-11-ci sinif şagirdlərinin buraxılış imtahanları aprel ayında keçirilir. Etiraf edək ki, tədris ilinin ortasında buraxılış imtahanının keçirilməsi müəyyən qədər nəticələrə, eyni zamanda şagirdlərin hazırlığı ümumitəhsil müəssisələrində davamiyyətə öz mənfi təsirlərini göstərir. Ümumitəhsil məktəblərini bitirən məzunlara qəbul imtahanlarında əlavə şans verildiyi kimi, buraxılış imtahanının da bir dəfə ödənişsiz olmaq şərtilə bir neçə dəfə keçirilməsində hər hansı problem yoxdur. Dünya təcrübəsinə baxdıqda görə bilərik ki, beynəlxalq imtahanlar il ərzində bir neçə dəfə keçirilir. Hər kəs öz nəticəsini yaxşılaşdırmaq üçün digər şans intahanlarında da iştirak edir. Hesab edirəm ki, bu yaxşı hal olardı. Nəzərə alaq ki, imtahanlar mart ayından keçirilir və həmin vaxta qədər heç də bütün şagirdlər proqramı bitirə bilmirlər. Fikrimcə, imtahanların bir neçə dəfə keçirilməsi nəticələrin yaxşılaşmasına müsbət təsir göstərə bilər. Hesab edirəm ki, biz imtahanların məzmununda dəyişiklik etməliyik. Yəni buraxılış imtahanlarını o qədər çətin etməyə ehtiyac yoxdur. Buraxılış imtahanı verən şagirdlərin heç də hamısı ali məktəblərə getmir. Bu səbəblə buraxılış imtahanlarının məzmununda müəyyən qədər sadələşməyə ehtiyac olduğunu düşünürəm”. 

 

 

Ekspertin sözlərinə görə, buraxılış imtahanlarının iki mərhələdə deyil, iki dəfə keçirilməsi daha məqsədəuyğun olardı:

 

“Dövlət İmtahan Mərkəzi tərəfindən 2018, 2019, 2020-ci illərdə 9-cu siniflər üçün buraxılış imtahanının 2 mərhələdə keçirilməsini müşahidə etmişik. Amma bu, özünü doğrultmadı. Çünki imtahanın 2 mərhələdə keçirilməsi həm müəllimləri, həm də şagirdləri əziyyətə salmaqdan ibarətdir. Həmçinin burada imtahanların bal faktoru da öz təsirini göstərir. Belə ki, əvvəlki modeldə 9-cu siniflər birinci mərhələdə açıq və situasiya tipli sualları cavablandırıb 30 bal, ikinci mərhələdə qapalı tipli sualları cavablandırıb 70 bal toplaya bilirdilər.

 

Hesab edirəm ki, bu qayda müəyyən qədər imtahanın strukturunu və məzmununu aşağı salır. Çünki hər mərhələdə eyni fənn üzrə fərqli test tapşırıqlarını təqdim etmək doğru yanaşma deyil. İmtahan bir dəfə keçirilməli, imtahan iştirakçılarının bilik və bacarıqları, eyni zamanda dövlətin məzmun standartları yoxlanılıb ölçülməlidir. İmtahanın 2 mərhələdə keçirilməsinə ehtiyac yoxdur. Biz nəzərə alsaq ki, abituriyentlər həm də qəbul imtahanı verəcək, bu halda bir neçə dəfə imtahan vermək abituriyentlərə mənfi təsir göstərə bilər. Fikrimcə, imtahanın 1 mərhələdə 2 dəfə keçirilməsi, 2 hissəyə bölünüb keçirilməsindən daha effektiv olar. Mən birmənalı şəkildə imtahanın 2 mərhələdə yox, 2 dəfə keçirilməsini dəstəkləyirəm".

 

Aytac Əsədova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var