Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) rəsmən “Nabucco West”-dən imtina etdiyini açıqlayıb. Bundan sonra Azərbaycan qazı Transadriatik (TAP) boru kəməri ilə Avropaya nəql olunacaq.
Qeyd edək ki, TAP layihəsi Xəzər regionundan Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, buradan da Qərbi Avropaya qaz nəqlini nəzərdə tutur. Bu baxımdan ARDNŞ-nin Yunanıstanın qaz kəmərlərinə nəzarət edən DESFA-nı almasının gündəmə gəlməsi ilə bağlı səslənən fikirlər də müəyyən mənada həqiqəti əks etdirir. Maraqlı cəhət ondan ibarətdir ki, Rusiyanın “Cənub Axını” layihəsinə rəqib sayılan “Nabucco West”-dən Azərbaycanın imtina etməsinin iqtisadi səmərəsi ekspertlər tərəfindən vurğulanır. Rusiya faktoru barədə deyilən bəzi politoloji rəylərdə isə bildirilir ki, Azərbaycanın TAP-ı seçməsi ilə şimal qonşumuzun siyasi maraqları nəzərə alınıb.
TAP milli maraqlar çərçivəsində
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadə Modern.az-a açıqlamasında bu cür fikirləri qəbul etmədiyini bildirib. “Regionla bağlı müxtəlif layihələr var. TAP-da həmin proyektlərdən biridir. Azərbaycan həmişə bu və digər layihədə iştirakını özünün milli maraqlarına uyğun olaraq seçir. Burada həm milli maraqlar, iqtisadi səmərə əsas götürülür” deyən deputat qeyd edib ki, bununla da Azərbaycan öz qərarını verib. Komitə sədrinin müavini hesab edir ki, Azərbaycanın bir çox layihələrdə iştirakı arzu olunandır. “Bu Azərbaycanın təkcə təbii ehtiyatlarının zənginliyi ilə deyil, həm də onun iqtisadi-və siyasi qüdrətinin artması ilə bağlıdır. Bununla yanaşı Azərbaycan etibarlı tərəfdaşdır”. Millət vəkilinin fikrincə, müxtəlif layihələrdə hər hansı formada Azərbaycanın iştirakı mümkündür”. TAP-ın iqtisadi önəminə də toxunan Aydın Mirzəzadə bildirib ki, mütəxəssislər bütün parametrləri nəzərə alaraq yekun qərar veriblər. “Buna uyğun olaraq Azərbaycan hökumət hansı layihədə iştirak edib-etməyəcəyini bəyan edib. Avropa ölkələri də bütün məsələləri götür-qoy etdikdən sonra öz qərarlarını veriblər”.
Qərbin susqunluğu fonunda Rusiyaya güzəşt
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə Azərbaycanın TAP-a üstünlük verməsinə fərqli kontekstdən yanaşır. Siyasi ekspert hesab edir ki, TAP-ın Azərbaycan üçün siyasi əhəmiyyəti ondan ibarətdir ki, Rusiya ilə münasibətlər nisbətən tənzimlənəcək. “Rusiya həm qaz siyasəti ilə Qərbi Avropaya təzyiq göstərir, həm də Azərbaycanın “Nabukko”-ya qarşı çıxırdı”. Politoloqun fikrincə Rusiyanın Azərbaycan əleyhinə təhdid və şantaj dolu bəyanatlar verməsinin əsas səbəblərindən biri də məhz bu olub. Analitik bildirib ki, Azərbaycan TAP layihəsini seçməklə bir növ Rusiyaya müəyyən güzəştlərə gedir. “Ancaq məsələnin bu yerə gəlib çıxmasına Azərbaycan günahkar deyil. Rusiya Azərbaycanı təhdid edəndə və ona qarşı müxtəlif qeyri-diplomatik yollarla təzyiq göstərəndə Qərb susurdu. Bundan başqa Rusiya Ermənistanı sürətlə silahlandıranda da Qərb dairələri biganəlik nümayiş etdirirdilər”.
“Ən böyük günahkar Avropadır”
Təbii ki, haqlı olaraq yeni suallar meydana çıxır. Belə situasiyada Azərbaycan nə etməli idi? Mövcud vəziyyət barədə Azərbaycanın xeyrinə dinamiklik müşahidə olunmadığı təqdirdə hansı addımlar atılmalı idi? Bu barədə suallarımıza siyasi ekspert belə aydınlıq gətirib: “Lazımi dəstək olmadığından Azərbaycan konsensus axtarmaq məcburiyyətində qaldı. Bundan sonra ilk növbədə qonşu Rusiya ilə münasibətləri tənzimləmək üçün konsensusa getməyə razı oldu. Ola bilsin ki, bu, Avropanı qane etmir. Ancaq onu da unutmayaq ki, belə bir addım Azərbaycanı Rusiyanın təhlükəsindən xilas edir. Düzdür, bu layihədə Rusiyanın payı böyük olmayacaq və iplər yenə də Azərbaycanın əlində olacaq. Amma TAP Rusiyanın da qismən proseslərə təsir edə biləcəyi yeni bir layihədir. Proseslərin bu məcraya yönəlməsinin əsas günahkarlarından birincisi elə Avropa özüdür”-deyə tənqid edib.
Təklənən Azərbaycanın siyasi uğuru
“Proseslər hələ yekun mərhələsinə daxil olmayıb. Məsələ axtarışlar və formalaşma mərhələsindədir. Qarşıda dəyişmə və korrektələr edilməsi mümkündür. Bəlkə də ən vacib görünən məqamlardandır. Lakin Azərbaycan meydanda tək qalmamalıdır. Bütün məsələlərin məsuliyyətini Azərbaycanın üzərinə qoymaq olmaz. Azərbaycan Avropanı Rusiyanın qazla siyasət diktəsindən xilas etməyə çalışır. Amma Azərbaycana heç bir dəstək gəlmirsə, o zaman nə etməli idik? Biz də özümüz üçün məqbul və faydalı olan siyasi xətti seçməlin idik”-deyə vurğulayıb.
Aqşin KƏRİMOV