İyulun 1-5-i Bakı şəhərində NISA-nın (NATO International School of Azerbaijan – NATO Azərbaycan Beynəlxalq Məktəbi) növbəti yay sessiyası keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə bu ilki yay sessiyası NİSA fəaliyyətinin 10 illiyinə təsadüf edir və “2014-cü ildən sonra Əfqanıstan” mövzusuna həsr olunacaq.
Tədbirdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Əfqanıstan, Gürcüstan, İran, İspaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadan 40-a yaxın tələbə, gənc alim iştirak edəcək. Sessiyada mövzu ətrafında ixtisaslaşmış və tanınmış yerli və xarici ekspertlər, habelə dövlət və beynəlxalq təşkilat nümayəndələri məruzəçi qismində çıxış edəcəyi də gözlənilir.
2003-cü ildən fəaliyyət göstərən NISA-nın məqsədi Avro-Atlantik məkan və onun hüdudlarından kənarda yerləşən NATO üzv və tərəfdaş dövlətlərin gənc elmi tədqiqatçıları, müstəqil ekspertləri və habelə, hərbi və mülki nümayəndələri arasında əməkdaşlıq şəbəkəsinin qurulması, təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, çağdaş təhdidlərin müzakirəsi və birgə səylərlə, onların həlli yollarının araşdırılmasından ibarətdir.
Aqşin KƏRİMOV