1992-ci ildə Qazaxıstanda məcburi köçkün həyatı yaşayan azərbaycanlıların hələ də sovet pasportundan istifadə etdiyi ilə bağlı faktlar mövcuddur. Modern.az-a açıqlamasında AzTV-nin Orta Asiya üzrə xüsusi müxbiri Aida Eyvazova həmin soydaşlarımızın Azərbaycana qayıtma məsələsinə hüquqi tərəfdən aydınlıq gətirib.
“Əgər hazırda sovet pasportuna malik insan varsa və Azərbaycan Respublikasında 1 yanvar 1998-ci ilə qədər Azərbaycan Respublikasında qeydiyyatı olubsa, onlar səfirlik və konsulluqlarımıza müraciət edərək vətənə qayıdış şəhadətnaməsi ala və problemsiz Azərbaycana qayıda bilərlər. Amma 1 yanvar 1998-ci ilə qədər Azərbaycanda qeydiyyatdan çıxıblarsa, onda onlar Azərbaycan Respublikası vətəndaşı olmalarını təsdiq edən sənədləri olmalıdır. Bunun üçün isə həmin vətəndaş səfirlik və konsulluqlar vasitəsi ilə müvafiq dövlət strukturlarına müraciət etməlidir”. Aida Eyvazova məsələni tam dəqiqləşdirmək üçün Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədovla əlaqə saxlayıb. Rəşad Məmmədov məsələyə bu cür aydınlıq gətirib: “Sovet pasportuna malik olan Azərbaycan vətəndaşlarının hər biri baş konsulluq vasitəsi ilə –şəxsiyyət vəsiqəsi ilə və ümumvətəndaş pasportları ilə təmin oluna bilərlər. Sovet pasportları ilə yaşayan vətəndaşlarımız Qazaxıstanda varsa, onlar mütləq Baş Konsulluğa müraciət etsinlər və biz onların sənədlərinin yenisi ilə əvəz edilməsində yardımçı olaq”.Namidə BİNGÖL