Modern.az

Kimlər 65 yaşdan sonra müəllim işləyə bilər?

Kimlər 65 yaşdan sonra müəllim işləyə bilər?

29 İyun 2013, 16:00

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiq olunan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu qaydalarında kimlərin 65 yaşdan sonra müəllim kimi işləyə bilməsi qeyd olunub.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumatda qeyd olunur ki, nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar gözlənilməklə və tabeçilik üzrə idarəetmə orqanı rəhbərinin razılığı əsasında, ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində 65 yaş həddinə çatmış müəllimlərin çalışmanın yaş həddi müəssisə rəhbərləri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu meyarlar son ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi; elmi dərəcə və ya elmi adının olması; dövlət təltifi ilə təltif edilməsi; attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi; “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması; müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda; səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda; işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması kimi tələblərdir.

Eyni zamanda qaydalarda kənd məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərin xüsusi işarələnməklə vakant yerlər haqqında məlumata daxil edildiyi qeyd olunub. Bildirilib ki, kənd məktəblərinə işə qəbul üçün nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və yaşı 35-dək olan gənc mütəxəssislərə şamil olunur.

Ümumtəhsil müəssisələrinin ibtidai siniflərində müəllimlərin iki sinif komplektində dərs aparmasına yol verilmir. Zəruri ehtiyac olduqda təhsili idarəetmə orqanlarının və ya təhsil müəssisələrinin əsaslandırılmış təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparması Nazirliyin razılığı ilə həyata keçirilir. Qaydalarda qeyd olunub ki, ibtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən, xarici dil və informatika fənləri isə ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda informatika fənnini ibtidai sinif müəllimi apara bilər.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...