Bakı Ali Neft Məktəbində Fransa Ali Neft İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Modern.az xəbər verir ki, tədbirdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, səfirliyin əməkdaşlıq və mədəniyyət attaşesi Vənsan Lorenzini, dilçilik və təhsil sahəsində əməkdaşlıq missiyasının rəhbəri Şarlot Payen iştirak ediblər.Qonaqları salamlayan rektor Elmar Qasımov bildirib ki, ali məktəbin yaradılmasında əsas məqsəd dinamik sürətlə inkişaf edən ölkənin sənaye müəssisələrində, habelə artıq transmilli şirkətə çevrilmiş ARDNŞ-ın istər Azərbaycanda, istərsə də ölkənin hüdudlarından kənarda həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilis dilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacı ödəməkdir.
BANM-də tədris prosesinin təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətlərində görülən işlər haqqında ətraflı məlumat verən rektor qeyd edib ki, məktəb fəaliyyətə başlamasının ilk ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbulunun göstəricilərinə görə tərtib etdiyi reytinq cədvəlində lider olub. Ali məktəbdə tədrisin ingilis dilində təşkil edildiyini vurğulayan rektor bu məqsədlə Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını, mütəxəssis hazırlığının bu universitetin tədris proqramları əsasında müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyini və məzunlara 2 diplom veriləcəyini diqqətə çatdırıb. O, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə qəbula başlayan BANM-də bu il 3-cü - “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının açılacağını bildirib.
Azərbaycan və Fransa arasında bir çox sahələrlə yanaşı, elm və təhsil sahəsində də inkişaf edən münasibətlərdən danışan E. Qasımov Heydər Əliyev Fondunun təşəbbüsü və ARDNŞ-ın dəstəyi ilə Bakıda yaxın zamanlarda fəaliyyət göstərəcək “Fransız məktəbi”nin bunun bariz nümunəsi olduğunu qeyd edib. Eyni zamanda Fransanın “Total E&P Azərbaycan” şirkəti və məşhur elm və təhsil müəssisələri ilə BANM arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi sahəsində razılıq əldə olunub.
Səfir Paskal Mönye bildirib ki, Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf edir. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu layihələrdən söhbət açan səfir Azərbaycanda ingilis dilli, beynəlxalq tədris sisteminin şərtlərinə və tələblərinə cavab verən belə bir ali məktəbin yaradılmasının məqsədəmüvafiq hal olduğunu qeyd edib. O, BANM ilə “Total E&P Azərbaycan” şirkəti arasında yaranan əməkdaşlıqdan məmnun olduğunu qeyd edərək, BANM ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə, Fransanın tanınmış “İFP School” (Fransa Neft Məktəbi) və müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.
Vüqar İsmayılov