Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ad günüdür. Modern.az saytının məlumatına görə, nazirin 53 yaşı tamam olur.
Elmar Məmmədyarov müstəqil Azərbaycan Respublikasının 6-cı xarici işlər naziridir. O, artıq 9 ildir - 2 aprel 2004-cü il tarixindən bu günədək - XİN rəhbəridir.
Elmar Məmmədyarovdan öncə Müstəqil Azərbaycanın xarici işlər naziri postunda Vilayət Quliyev (26.10.1999–02.04.2004), Tofiq Zülfüqarov (05.03.1998–26.10.1999), Həsən Həsənov (02.09.1993–16.02.1998), Tofiq Qasımov (04.07.1992–26.06.1993), Hüseynağa Sadıqov (18.10.1991–29.05.1992) çalışıb.
Hazırki xarici işlər naziri Elmar Məmmədyarov 1960-cı il iyulun 2-də Bakı şəhərində anadan olub.
1977-1982-ci illərdə Kiyev Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil alıb. 1982-1988-ci illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyində 2-ci katib, 1-ci katib olub. 1988-1989-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Dövlət Protokolu şöbəsinin müdiri, 1992-1995-ci illərdə Azərbaycan Respublikasının BMT yanındakı daimi nümayəndəliyində 1-ci katib olub.
1995-1998-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq təşkilatlar idarəsinin rəisi vəzifəsində çalışıb. 1998-2003-cü illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində müşavir vəzifəsi tutan E.Məmmədyarov fövqəladə və səlahiyyətli səfir rütbəsi alıb. 2003-2004-cü illərdə Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri postunu tutub.
2 aprel 2004-cü il tarixində ölkə başçısı İlham Əliyevin hökumətində yer alan Elmar Məmmədyarov Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsi həvalə olunub. E.Məmmədyarov 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Komandor” ordeni ilə təltif olunub.
Xarici dillərdən ingilis, rus və türk dillərini bilir.

A.Qorxmaz