““Nizami” kinoteatrında bir həftə “Cavad xan” filmi nümayiş olunub. Sevinərəm ki, yenidən bu film “Nizami” kinoteatrında yenidən nümayiş olunsun”. Bunu Modern.az-a açıqlamasında millət vəkili, xalq yazıçısı Sabir Rüstəmxanlı deyib. “Ölkənin bütün rayonlarında kinoteatrlar bərpa olunmalıdır. “Nizami” kinoteatrı ilə iş bitmir axı! “Cavad xan” filminin harda göstərilməsindən xəbərim yoxdur. İstərdik ki, “Cavad xan” filmi ölkə xaricinə də göndərilsin və festivallarda nümayiş olunsun. Azərbaycan kinoları ilə bağlı festivallar keçiriləndə “Cavad xan” filmi də həmin festivallara dəvət olunsun”, – deyə S. Rüstəmxanlı vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl xalq yazıçısı ssenari müəllifi olduğu filmin rəflərdə qalmasından şikayətlənirdi. Hətta Mədəniyyət və Turizm Nazirliyinin ünvanına da sərt ifadələr işlətməklə “Cavad xan”ın nümayişinə mane yaradılmasını vurğulayırdı. “APA”-ya müsahibəsində isə “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşviq Hətəmov bu iradlarla razılaşmamışdı: “Bu film on gün “Nizami” Kino Mərkəzində nümayiş olundu. İndi isə bəzi bölgələrimizdə nümayiş olunur. Filmin prokatı ilə bağlı müqavilə bağlanmışdı. Müqavilə müddəti bitən kimi dedilər, film efirə buraxılmır. Bu düzgün deyil, film təbliğ olunub”.
Namidə BİNGÖL