Qiyabi təhsil alan tələblərin müəllim olmasına icazə verilməməsi ilə bağlı təhsil nazirinin yeni əmri cəmiyyətdə geniş rezonans doğurub. İşə qəbul qaydalarını oxuyanların bəziləri hələ də belə hesab edir ki, qiyabi şöbədə oxuyub, diplom almış şəxslərin artıq müəllim olmasına icazə verilməyəcək.
Bununla bağlı Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrində yanlış məlumatlar verilib.
Rəsmi açıqlamada “Nazirliyin rəsmi internet saytının “Müəllimlərin işə qəbulu” səhifəsində yerləşdirilən “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları”nın (//www.edu.gov.az/upload/file/712.emre-elave1.pdf) 1.6.-cı bəndi ilə tanış olmağınızı məqsədəuyğun hesab edirik” - deyə qeyd olunub.
Qeyd edək ki, Təhsil Nazirliyindən dünən aldığımız məlumatda bildirilmişdi ki, qaydalar hazırda qiyabi təhsil alan tələblərə aiddir. Qiyabi təhsil alıb, təhsilini başa vurmuş şəxslər müəllim olmaq üçün ərizə verə bilər.
Aytən ƏLİYEVA